Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində orta məktəblərdə baş verən silahlı hücumlar cəmiyyətin diqqətini bir daha təhlükəsizlik məsələlərinə yönəltdi. Lakin bu hadisələrin yaratdığı narahatlıq yalnız məktəblərlə məhdudlaşmır. Əslində, bu hücumlar daha dərin və görünməyən bir təhlükənin — rəqəmsal mühitdə formalaşan şiddətin nəticəsi kimi də qiymətləndirilir.
Müasir dövrdə zorakılıq artıq yalnız fiziki müstəvidə baş vermir. O, paralel olaraq sosial şəbəkələrdə yayılır, hətta təbliğ edilir. Bu isə təhlükəni daha da artırır.
Alqoritmlərin görünməyən rolu
Bu gün yeniyetmələrin böyük hissəsi vaxtının əhəmiyyətli qismini TikTok, YouTube və Instagram kimi platformalarda keçirir. Qlobal araşdırmalara görə, 13–17 yaş arası gənclər gündə orta hesabla 3–5 saatını sosial mediada keçirir. Bəzi ölkələrdə bu göstərici 7 saata qədər yüksəlir.
Bu platformaların iş prinsipi sadədir: istifadəçi nəyi izləyirsə, alqoritm ona daha çoxunu təqdim edir. Əsas risk də elə buradan başlayır. Şiddət, aqressiya və kriminal hadisələri əks etdirən videolar daha çox baxış və reaksiya topladığı üçün sistem tərəfindən daha geniş auditoriyaya ötürülür. Nəticədə istifadəçi fərqinə varmadan eyni tipli kontentlərin “əsiri”nə çevrilir.
Tədqiqatlar göstərir ki, sosial mediada yayılan zorakı kontentlərin təxminən 60%-i heç bir kontekst olmadan paylaşılır — yəni səbəb, nəticə və ya hüquqi qiymətləndirmə təqdim edilmir.
Normallaşmadan təqlidə gedən yol
Psixologiyada Sosial öyrənmə nəzəriyyəsinə görə, insan davranışlarının böyük hissəsi müşahidə və təqlid yolu ilə formalaşır. Xüsusilə yeniyetmə yaş dövründə bu təsir daha güclü olur.
Statistik məlumatlara görə, məktəb hücumları həyata keçirən şəxslərin 70%-dən çoxu hadisədən əvvəl oxşar hücumlarla bağlı materialları izləyib və araşdırıb. Bəzi hallarda isə bu şəxslər əvvəlki hücumları “model” kimi qəbul edib.
Rəqəmsal mühitdə isə bu təsir daha da güclənir. Çünki burada zorakılıq çox vaxt cəzasız və nəticəsiz qalmış hadisə kimi göstərilir. Bəzən isə hücum edən şəxslər geniş tanınır, adları gündəmə düşür və qeyri-ixtiyari şəkildə “tanınmış fiqura” çevrilir. Bu, psixoloji olaraq təhlükəli bir mesaj yaradır: zorakılıq diqqət gətirir.
Rəqəmsal radikallaşma
Son illərdə beynəlxalq tədqiqat mərkəzləri bu fenomeni artıq “rəqəmsal radikallaşma” kimi xarakterizə edir. Məktəbə hücumların tez-tez yaşandığı ABŞ aparılan araşdırmalara görə, məktəb hücumları törədən şəxslərin təxminən 80%-i hücumdan əvvəl internetdə radikal və ya zorakı kontentlərlə təmasda olub.
Bəzi platformalarda və qapalı onlayn icmalarda bu cür hadisələr açıq şəkildə müzakirə olunur, hətta bəzi hallarda “ideallaşdırılır”. Bu isə fərdi psixoloji problemləri olan gənclər üçün təhlükəli təsir mühiti yaradır.
Ən narahatedici məqamlardan biri isə odur ki, bu proses çox vaxt gizli və tədricən baş verir. Valideyn və ya müəllimlər bunu dərk edəndə isə artıq çox gec olur.
Azərbaycan təcrübəsi
Türkiyədə baş verən hadisələrin Azərbaycanda geniş rezonans doğurması təsadüfi deyil. Ölkədə internet istifadəçilərinin sayı 90 faizə yaxındır və gənclər arasında sosial media istifadəsi demək olar ki, gündəlik həyatın ayrılmaz hissəsidir.
Üstəlik, yeniyetmələrin əhəmiyyətli hissəsi gündə bir neçə saatını sosial platformalarda keçirir, lakin onların böyük qismi izlədiyi kontentin psixoloji təsiri barədə məlumatlı deyil. Bu, o deməkdir ki, problem hələ açıq şəkildə özünü göstərməsə də, risk artıq formalaşıb və uyğun şəraitdə real təhlükəyə çevrilə bilər.
Təsadüfi deyil ki, uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən fevralın 27-də Sərəncam imzalanıb. Sərəncamda sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi məsələsi də daxil olmaqla bir sıra mühüm məqamlar öz əksini tapıb.
Valideyn nəzarətinin önəmi
Lakin uşaqların rəqəmsal dünyanın təhlükələrindən qorunması üçün təkcə dövlət səviyyəsində addımlar atılmamalıdır. Burada ilk məsuliyyət də məhz valideynlərin üzərinə düşür. Valideyn üçün əsas məsələ isə qadağa divarı çəkmək yox, uşağın rəqəmsal dünyasına daxil ola bilməkdir.
Çünki sərt məhdudiyyətlər çox vaxt əks effekt verir. Əvəzində isə uşağın izlədiyi kontentə maraq göstərmək, onunla bu barədə danışmaq və müzakirə aparmaq daha effektiv yol sayılır. Ona görə ki yeniyetmə yaşda ən böyük risk “susqun istifadə” — yəni uşağın gördüklərini bölüşməməsidir.
Məhz buna görə də valideyn-övlad münasibətində qadağa deyil, izah mərkəzli yanaşma ön planda olmalıdır. Uşağa “bunu izləmə” demək əvəzinə, “niyə bu kontent risklidir” sualının cavabını vermək daha dayanıqlı nəticə yaradır.
Məktəblərin məsuliyyəti
Əgər ailə ilk müdafiə xəttidirsə, məktəb bu sistemin davamıdır. Şagirdlər rəqəmsal dünyada necə davranmalı olduqlarını həm də məktəbdə öyrənməlidirlər. Şagird yalnız informasiyanı qəbul edən tərəf deyil, onu analiz edən və filtrdən keçirən bir fərd kimi formalaşmalıdır.
Digər mühüm məsələ isə məktəb psixoloji xidmətlərinin gücləndirilməsidir. Çünki riskli davranışlar çox vaxt qəfil yaranmır — onlar tədricən formalaşır və ilkin mərhələdə müəyyən siqnallar verir. Bu siqnalların vaxtında aşkar olunması isə peşəkar psixoloji dəstək olmadan çətindir.
Qeyd edək ki, aprelin 14-də Türkiyənin Şanlıurfa vilayətində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb. Hücum edən şəxs zərərsizləşdirilib. Aprelin 15-də isə Türkiyənin Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi orta məktəbə daxil olaraq insanlara atəş açıb.
Yeniyetmə keçmiş polis olan atasına məxsus silahdan istifadə edib. Hadisə nəticəsində doqquz nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Yaralılardan altısı reanimasiya şöbəsinə yerləşdirilib.
Bizim.Media