“Yaşıl və Qırmızı xətlərin ayrılmasından sonra hər birinin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu xətlər arasında əsas keçid məntəqələri olan “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında sərnişinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunması prioritet istiqamətlərdəndir. Yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət imkanı yaradacaq”.
MÖVZU İLƏ BAĞLI:
“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı - FOTO
Bizim.Media xəbər verir ki, bu fikirləri “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, həyata keçirilən layihə sərnişin axınının daha səmərəli tənzimlənməsinə imkan verəcək:
“Bu keçid vasitəsilə sərnişin axını “Dərnəgül” və “Xətai” istiqamətləri üzrə bölünəcək, nəticədə “28 May” stansiyasında sıxlıq azalacaq və hərəkət daha nizamlı təşkil olunacaq”.
M.Rzayev əlavə edib ki, yeni keçid həm də sərnişinlərin giriş-çıxışını asanlaşdıracaq:
“Sərnişinlər “Cəfər Cabbarlı” stansiyası vasitəsilə “28 May” platformasına daha qısa müddətdə və rahat şəkildə daxil ola biləcəklər. Bu isə əlavə sıxlığın qarşısını almaqla ümumi hərəkət rahatlığını artıracaq”.
Departament rəisi vurğulayıb ki, tikinti işlərinin əsas mərhələsi artıq yekunlaşıb:
“Tunelin qazıntı işləri və metal konstruksiyanın quraşdırılması tamamlanıb, hazırda platforma ilə birləşmə hissəsində işlər davam edir. Eyni zamanda pilləkənlərin qurulması üzrə hazırlıq işləri aparılır. Layihənin yekun mərhələsində üzləmə işləri həyata keçiriləcək və yeni piyada keçidinin yaxın müddətdə istifadəyə verilməsi planlaşdırılır”.
Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media