Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirib.
“İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə resurslardan qeyri-effektiv istifadə ilə nəticələnir.
Misirdə tətbiq edilən enerji qənaəti tədbirlərinin arxasında isə ciddi səbəblər dayanır. Misir həm əhali sayına görə böyük dövlətdir, həm də qlobal iqtisadi proseslərdən birbaşa təsirlənir. Xüsusilə neft qiymətlərinin artması xərclərin yüksəlməsinə səbəb olur və bu da qənaət tədbirlərini zəruri edir”.
O deyib ki, yaxın dövrdə enerji daşıyıcılarının qiymətlərində artım davam edə bilər:
“Bu səbəbdən belə addımların atılması günün tələbi kimi qiymətləndirilir. Bu proseslər mütləq şəkildə düşünülmüş, təhlil edilmiş və planlı şəkildə həyata keçirilməlidir ki, real nəticə əldə olunsun. Əks halda, görülən tədbirlər istənilən effekti verməyəcək. Azərbaycana gəldikdə isə, hazırda belə ciddi bir zərurət və ya təhlükə mövcud deyil. Çünki Azərbaycan neft ixrac edən ölkədir və enerji resursları baxımından təminatlıdır. Lakin buna baxmayaraq, insanlar gündəlik həyatlarında suya, elektrik enerjisinə və digər resurslara qənaətlə yanaşmalı, israfçılıqdan çəkinməlidirlər. Bu, həm iqtisadi, həm də sosial baxımdan daha düzgün və məsuliyyətli davranış hesab olunur”.
Qeyd edək ki, Misir Yaxın Şərqdəki müharibə səbəbindən elektrik enerjisinə qənaət etməyə başlayıb. Mağazalar və kafelər daha tez bağlanacaq, ticarət mərkəzləri, restoranlar və mağazalar həftənin beş günü saat 21:00-da, həftəsonları isə saat 22:00-da bağlanmalıdır.
Enerjiyə qənaət tədbirləri reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi və bir çox dövlət qurumlarının saat 18:00-da bağlanmasını əhatə edir. Hakimiyyət həm dövlət, həm də özəl sektorda həftədə bir-iki gün məsafədən işləməyi düşünür. Bu tədbirlər ABŞ və İsrailin İranla müharibəsi fonunda qlobal yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədardır.
Bizim.Media