Körpələrin qidalanması hər bir valideyn üçün ən həssas və vacib mövzulardan biridir. İdeal seçim kimi ana südü tövsiyə olunsa da, müxtəlif səbəblərdən bəzən bu mümkün olmur. Belə hallarda valideynlər çıxış yolu kimi süni uşaq qidalarına üz tuturlar. Praktik və əlçatan hesab edilən bu məhsullar geniş istifadə olunsa da, onların körpənin sağlamlığına təsiri və yüksək qiymətləri cəmiyyətdə suallar doğurmağa davam edir.
Bəs süni uşaq qidası həqiqətən zəruridirmi? Ana südü olmadıqda hansı alternativlər mövcuddur?
Bizim.Media mövzuyla bağlı pediatr Aytən Ziyadovanın fikirlərini öyrənib.
O, deyib ki, ana südü, uşağın sağlamlığı və inkişafı üçün ən ideal qida sayılır:
"Ancaq bəzi hallarda ana südü mövcud olmur və ya qeyri-kafidir, beləliklə, süni qidalar alternativ olaraq təqdim edilir.
Süni qidalar uşağın qida ehtiyaclarını qarşılamağa yönəlib. Bu qidalar uşağın böyüməsini dəstəkləməli və ona zəruri qida maddələrini təmin etməlidir. Süni qida seçərkən tərkibi çox önəmlidir".
Bəs bahalı qida hər zaman keyfiyyətli olandır?
"Qiymət yüksək olduqda bu, hər zaman daha yaxşı keyfiyyətli olduğu anlamına gəlmir. Bəzi ucuz qidalar da yüksək keyfiyyətli maddələrdən hazırlanır və uşağın ehtiyaclarını tam təmin edə bilər. Yəni bahalı qidaların hər zaman ən yaxşı olduğu yanlışdır. Qiymətə fokuslanmaq əvəzinə, tərkibə və keyfiyyətə diqqət yetirmək daha vacibdir. 6 aylıqdan sonra körpəyə əlavə qidalar, məsələn, tərəvəz püreləri və meyvələr verilə bilər, amma süni qidalarla uyğunlaşdırılmalıdır.
Uşaqların sağlamlığı və inkişafı üçün ən önəmli faktor balanslı qidalanma və keyfiyyətli qida seçimi olmalıdır”.
Həkim süni qida seçərkən diqqət edilməli məqamları da açıqlayıb:
"Süni qidaların tərkibində uşağın sağlam böyüməsi və inkişafı üçün vacib olan vitaminlər, minerallar və zülallar olmalıdır. B12 vitamini, D vitamini, dəmir və kalsium kimi maddələr uşağın düzgün inkişafı üçün əhəmiyyətlidir.
Bununla yanaşı, əlavə maddələr, konservantlar və şəkər kimi tərkib hissələri uşağın sağlamlığına zərər verə bilər, buna görə də bu cür maddələrdən qaçmaq lazımdır. Həmçinin hər bir uşaq fərqli olduğu üçün onun qida ehtiyacı da fərqli ola bilər. Məhz buna görə də uşağın yaşına, fiziki vəziyyətinə və inkişafına uyğun qida seçimi etmək çox önəmlidir. Bahalı markalar həqiqətən də yüksək keyfiyyətli ola bilər, amma həmişə belə olmur".
Nəzrin Mirzəyeva, Bizim.Media