Quba rayonunda normadan artıq yağıntıların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 minə yaxın əhalinin yaşadığı 25 kəndə gedən yol bağlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Hadisə Quba–Qonaqkənd yolunun 42-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, təxminən 1 kilometrdən artıq ərazini əhatə edən sürüşmə səbəbindən yolun həmin hissəsindən Qonaqkənd istiqamətində hərəkət tam dayandırılıb.
Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, sürüşmə prosesi hazırda da davam edir və aktiv olaraq qalır. Onun sözlərinə görə, hadisə nəticəsində yol boyunca elektrik təsərrüfatına da ziyan dəyib.
Qeyd olunub ki, yolun bərpası işlərinə yalnız sürüşmə prosesi tam dayandıqdan sonra başlanılacaq.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu