İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunda ilk dəfə sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhvali-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev bayram meydanında sakinləri salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Şəhərin birinci yaşayış məhəlləsində böyük səməni ucaldılıb, bayram tonqalı qalanıb. Zurna, balaban və nağaranın sədaları altında keçirilən musiqi proqramında Fikrət Əmirov adına “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Uzundərə”, “Cəngi” və “Dağlı” rəqslərini təqdim edib.
Meydanda uşaqlar yumurta döyüşdürərək Novruz adətlərini yaşadıblar. Kəlbəcər folklorunun ayrılmaz hissəsi olan “Maral oyunu” da şənliyə xüsusi rəng qatıb.
Dədə Qorqud obrazında çıxış edən ozan qopuz ifa edərək xeyir-dua verib. Kosa və Keçəlin məzəli səhnələri, Bahar qızının çıxışı uşaqların xatirəsində unudulmaz izlər buraxıb.
Tədbir Kəlbəcərdə aparılan bərpa və yenidənqurma prosesləri fonunda sakinlər üçün bayram ab-havası yaradaraq onların sosial həyatına canlanma gətirib.








Bizim.Media