Bakının bir sıra küçələrində, xüsusilə kəndlərində avtobus dayanacaqlarında pavilyon quraşdırılmayıb.
Sabunçu rayon Sabunçu qəsəbəsində də avtobus dayanacaqlarında pavilyon yoxdur. Xüsusilə, yağmurlu havalarda sakinlər bunun əziyyətini daha çox çəkir.
Sözügedən ərazidə pavilyonların quraşdırılması prosesinə nə vaxt başlanılacaq?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qəzalı vəziyyətdə olan dayanacaq pavilyonlarının təmiri, yenilənməsi daxili prosedura uyğun mərhələli şəkildə aparılır:
“Sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədi ilə mütəmadi olaraq marşrutlar üzrə təhlillər aparılır. Eləcə də Sabunçu rayonunda müxtəlif istiqamətlərdə hərəkət edən bir çox marşrut xətləri təhlil olunaraq Dövlət Şəhərsalma Norma və Qaydalarının (AzDTN 2.6-1), həmçinin AZS 954:2024 Standartının tələbləri, vətəndaş müraciətləri, sərnişin tələbatı, səki şəraitinin uyğunluğu kimi amillər nəzərə alınmaqla "5.12" yol nişanları və dayanacaq pavilyonları quraşdırılır.
Eyni zamanda yararsız yol nişanlarının bərpası, qəzalı vəziyyətdə olan dayanacaq pavilyonlarının təmiri, yenilənməsi daxili prosedura uyğun mərhələli şəkildə aparılır. Qeyd edək ki, dayanacaq məntəqəsində səkinin eni minimum 3 metrdən az olmayan təqdirdə pavilyonun quraşdırılmasına yol verilir”.
Naibə Məmmədova, Bizim.Media