“Hazırda həm islah olunmaz, həm çətin tərbiyə olunan yeni mədəniyyət nümunələrindən biri virtual mədniyyətdir. Təəssüf ki, biz orada kütləvi tərbiyəni necə aparmağı bilmirik. Real cəmiyyətdəki münasibətlərdən ora körpü salmağı bacarmalıyıq. Təklif edirəm ki, yeni qanun layihəsinə virtual mədəniyyət, sosial şəbəkə mədəniyyətinin əlavə edilməsini düşünək”.
Bizim.Media xəbər verir ki,bunu deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Biz köhnə musiqilərimizin, musiqi mədəniyyətimizn olmamasından gileylənirik. Doğrudan da, efirə bir müğənni çıxır.
Bilmirsiniz bu müğənninin mimikasına, jestlərinə, yoxsa bayağı səsinə qulaq asasınız. Bu mədəniyyətə kim nəzarət edəcək?! Bizdə səhnə mədəniyyəti olub. İndi müğənninin jesti bilmirsən siyasi xadim jestidir, yoxsa boksçu jestidir. Mahnı oxuya-oxuya insanı barmağı ilə hədələyir. Mədəniyyət sahəsində inqilabi mərhələ başlamışıq, gəlin bu qanun layihəsində bir sıra məsələlərin əslinin tapmasını aktuallaşdıraq. Musiqi mədəniyyətimizi qoruyaq".
Günay Şahmar, Bizim.Media