Bu gün 20-ci əsrin ən dəhşətli faciəsi - Xocalı soyqrımının 34-cü ildönümüdür. Xalqımız bu qandonduran faciənin ildönümünü hüznlə yad edir, soyqırımı qurbanlarının xatirəsini kədərlə anır.
Bizim.Media-nın müsahibi Valeh Abbasov da həmin kədərli tarixin şahidlərindən biridir. 1992-ci ilin 25 fevralından 26-na keçən gecə minlərlə Xocalı sakini kimi o da öz yurd-yuvasından didərgin düşüb. Həm də 49 qohumunun itkisi ilə…
- O günlər barədə danışmağın sizin üçün necə çətin olduğunu anlayıram. Lakin həmin gün baş verənləri bir şahidin dilindən bilmək istəyərdik.
- Əslində o günləri yada salmaq mənim üçün çox çətindir. O günü necə unuda bilərəm? Yaddaşımın ən qaranlıq küncündə silinməz yara kimi qalıb. Fevralın 25-dən öncə də ermənilər tez-tez hücumlar edirdi, amma miqyası fevralın 26-da baş verənlər qədər ağır deyildi. Bilirsiniz, biz nə qədər müqavimət göstərsək də, bizdəki ov tüfəngi idi, onlarda BTR, tank. Müqayisə edin. Sizcə onları bu texnika ilə dayandırmaq olardı?! Özüm oradan necə çətinliklə çıxmışam, Allah bilir. Adam o dəhşətləri danışa bilmir.
- Bəs siz və ailə üzvləriniz necə xilas oldunuz?
- Bizim hamımız-qardaş-bacı bir-birimizdən aralı düşmüşdük. Ayrı-ayrı gəlib Ağcəbədiyə çıxa bilmişdik. Sonra orada bir-birimizi tapmışdıq. Orada bizə çox yaxşı münasibət göstərilmişdi. Meşələrlə, buzlu çaylarla gəldiyimiz üçün çoxumuzun ayağını don vurmuşdu. Mənim ayağım ordan çıxanda aylarla yer tutmadı. Ayağım o qədər ki suyun içində qalmışdı, suluq tökmüşdü. Yerə basa, hərəkət edə bilmirdim. İki qardaşım isə yaralanmışdı.
- Faciə baş verəndə neçə yaşınız var idi?
- Mən oradan çıxanda 34 yaşım var idi. Müharibədən əvvəl sürücü işləyirdim. Elə ki müharibə
başladı, mən də könüllü yazıldım. Milli Qəhrəman Tofiq Hüseynov mənim bacanağımdır. O, özünümüdafiə taborunun yaradıcılarından idi və mən də onunla bərabər döyüşürdüm. Xocalının polisləri, özünümüdafiə batalyonları hamımız birləşmişdik. Onlar topla gələndə biz geri çəkildik. Gördük, mümkün deyil. Evə gələndə gördüm ki, heç kəs qalmayıb. Anamı qardaşım çiyinlərində aparmışdı. Allah bu ermənilərin kökünü kəssin.
- Bildiyim qədər, Tofiq Hüseynovun nəşinin gətirilməsi Milli Qəhrəman Allahverdi Bağırovun apardığı danışıqlar nəticəsində mümkün olub...
- Bəli. 26 fevral günü biz bacanağımı şəhid verdik. Daha sonra Milli Qəhrəman Allahverdi Bağırov bizim əsirlərimizi, şəhidlərimizi qaytarmaq üçün danışıqlar apardı və onun nəşi bizə təhvil verildi. Allah Allahverdi Bağırova rəhmət eləsin. Onun xocalılılara çox yardımı toxunub. Çox insan onun sayəsində sağ qalıb.
- Qardaşlarınızın yaralandığını bildirdiniz. Bəs ailə üzvlərinizdən hələ də itkin olan varmı?
- Bunu demək mənə o qədər ağırdır ki. Çünki mənim 49 qohumum hələ də itkindir. 34 ildir biz onlardan bir xəbər ala bilməmişik. 34 ildir onların qayıtmasını gözləmişik… Çətindir.
- Xocalı işğaldan azad edildikdə hansı hisləri keçirirdiniz?
- Çox sevinib çox ağlamışdım. Torpaq, vətən həsrəti çox ayrıdır. O həsrət hələ bu cür çətinliklə yaranırsa… Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentimizə nə qədər təşəkkür etsək azdır.
- Bəs azad Xocalını yenidən görmək, o torpaqlara ayaq basmaq sizə hansı duyğuları yaşatdı?
- Mən işğaldan azad edildikdən sonra Xocalıya gedəndə ayaqlarım tutuldu, saatlarla yeriyə bilmədim. Özümə gələ bilmirdim. Getmək, nə getmək? Neçə qapılar bağlı, neçə-neçə abidələr sökülüb, hər yer alt-üst... Orada olanda hər şey gözümün qabağında canlandı. Amma qabaqkı Xocalı yox idi, erməni bir salamat yer qoymamışdı.
Mən indi Goranboyda yaşayıram. Gözləyirəm, evlərimiz tikilən kimi çıxıb gedəcəyik. Orada doğulub boya başa çatmışam. Biz getməyək, kim getsin?!
Naibə Məmmədova, Bizim.Media