Abşeron yarımadasında olan 500 mindən artıq sənədsiz evlərin Dövlət Reyestrinə salınması istiqamətində son zamanlar müəyyən işlər görülüb. Xüsusən də qanunvericilkdə müəyyən dəyişikliklər edilib. Nəticədə 2000-ci ilə qədər müəyyən ilkin sənədi olan evlərə çıxarışların verilməsi başlanılıb.
Lakin məlum olduğu kimi, paytaxtda daha çox tikinti işləri 2000-ci ildən sonra aparılıb. Bu tikililərin də bir çoxunun ilkin sənədi var. Bununla belə həmin evlərin sahibləri Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarış ala bilmir.
Nə etməli?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Rüstəmov deyib ki, son zamanlar Dövlət Reyestrindən çıxarış almaq xeyli sadələşdirilib:
“Əgər vətəndaşın torpaq sahəsi müvafiq bələdiyyənin ərazisindədirsə və fərdi yaşayış üçün ayrılmış zonadadırsa o zaman vətəndaş əvvəl Dövlət Arxiv İdarəsinin yerli şöbəsinə müraciət etməlidir. Arxivdən alınan sənədlərlə bərabər vətəndaş əlindəki sənədlərin surətini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli şöbəsinə elektron və yaxud poçt vasitəsi ilə göndərməlidir.
Sənədlər qaydasında olarsa çıxarış ən qısa zamanda Reyestrə yerləşdirilir.
Əgər hansısa sənəd çatışmazlığı aşkar edilərsə o zaman Xidmət bununla bağlı vətəndaşa rəsmi məktub göndərir. Qeyd olunan iradlar vətəndaşın iradəsindən kənardadırsa, o zaman o məhkəməyə müraciət edə bilər. Çünki bir çox ilkin sənəd çatışmazlığı vətəndaşın yox, bələdiyyələrin günahı üzündən baş verir. Vətəndaş pulunu ödəyib torpaq alıbsa, bu vəziyyətdə ortaya çıxan problemə görə günahkar bələdiyyədir.
Təbii ki, məhkəmə araşdırmasından sonra sənəd çatışmazlığının günahkarının vətəndaş yox, bələdiyyə və yaxud digər qurumlar olduğu məlum olursa, o zaman məhkəmə vətəndaşın lehinə qərar çıxarır. Məhkəmə qərarı əlində olan vətəndaş isə 15 iş günü ərzində Dövlət Reysetrindən çıxarış ala bilir”.
Surxay Atakişiyev, Bizim.Media