Bakının “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri zamanı maraqlı və bir qədər də narahatedici görüntülər üzə çıxıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda köhnə evlər söküldükcə onların daxili divarlarında cin, şeytan və müxtəlif mistik varlıqlara bənzər rəsmlərin olduğu görünür.
Bu rəsmlərin kim tərəfindən və nə məqsədlə çəkildiyi məlum deyil. Amma diqqət çəkən məqam odur ki, illərlə divarların arxasında qalan bu təsvirlər söküntü zamanı üzə çıxır və insanlarda təəccüb doğurur.
Bəzi paylaşımlarda qeyd olunur ki, paytaxtın müxtəlif yerlərində də zaman-zaman bu tip – satanizmə aid simvollara və rəsmlərə rast gəlmək mümkündür.
“Sovetski” ərazisində üzə çıxan bu rəsmlərlə bağlı rəsmi açıqlama verilməyib.
Bəs satanizm nədir?
Sadə dildə desək, satanizm ənənəvi dinlərə zidd olan bir düşüncə və ya həyat tərzi kimi tanınır. Bəzi insanlar üçün bu, sadəcə üsyankar düşüncə tərzini, qaydalara qarşı çıxmağı simvolizə edir. Yəni onlar bu cür rəsmləri dini məqsədlə yox, etiraz, fərqlənmək və ya diqqət çəkmək üçün çəkirlər.
Psixoloqlar bildirir ki, insanların cin-şeytan rəsmləri çəkməyə meyilli olmasının bir neçə səbəbi ola bilər. Bunlar cəmiyyətə qarşı etiraz hissi, qorxulu və qaranlıq mövzulara maraq, özünü fərqli göstərmək istəyi, gənclər arasında yayılan subkulturaların təsiri, tərk edilmiş binalarda anonim şəkildə özünü ifadə etmək imkanı və s. Xüsusilə istifadəsiz qalan, nəzarətsiz evlər və binalar bu cür rəsmlərin çəkilməsi üçün “rahat məkan” hesab olunur. Bu isə çox vaxt hansısa dini ayin yox, sadəcə vandalizm və ya özünüifadə forması kimi qiymətləndirilir. (Musavat.com)

Bizim.Media