Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 21 milyon 129 min ədəd təşkil edib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artm deməkdir. Bank kartlarının artması nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib.
Bununla belə müştərilər bəzi hallarda kartla bağlı müxtəlif problemlər yaşayır. Onlardan biri də xəbərdarlıq etmədən bank tərəfindən kartın bloklanmasıdır.
Bəs, bank müştəriyə xəbərdarlıq etmədən kartı blok edə bilərmi?
Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu məsələ birbaşa qanunla tənzimlənmir:
“Daha çox bu məsələ müştəri ilə bank arasında bağlanan müqavilə ilə tənzimlənir. Prinsip ondan ibarətdir ki, bank kartla bağlı hansısa şübhəli məqam aşkar edərsə, o zaman bank kartı blok edə bilər. Şübhəli məqamsa o ola bilər ki, kartdan davamlı şəkildə böyük miqdarda pullar çıxarılır. Yəni bank şübhələnə bilər ki, bunu kart sahibi yox, başqa birisi edir.
Bir sözlə, bank kart üzərindən şübhəli əməliyyatlar görərsə, o halda kartı bloklaya və müştərini məsələni aydınlaşdırmaq üçün dəvət edə bilər. Əgər müştəri əməliyyatların onun tərəfindən edildiyini təsdiqləsə, o zaman kart üzərindən blok götürülür”.
Surxay Atakişiyev, Bizim.Media