“Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz rayonunda keçirilən müşavirədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Xaçmaz, Quba və Qusar Rayon İcra Hakimiyyətlərinin rəhbərləri, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Toplantıdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, qlobal ticarət əlaqələrinin genişlənməsi və iqlim dəyişiklikləri fonunda ölkə ərazisində yayılan invaziv zərərvericilər arasında qəhvəyi mərmər bağacığı yüksək iqtisadi risk daşıyır. Nazir xüsusilə Şəki-Zaqatala ilə yanaşı Quba-Xaçmaz iqtisadi zonasında, o cümlədən Xaçmaz və Qusar rayonlarında zərərvericinin populyasiya sıxlığının artdığını diqqətə çatdırıb.
Məcnun Məmmədov bioloji mübarizə üsullarının tətbiqi, vegetasiya dövründə planlı dərmanlama işlərinin aparılması, monitorinqlərin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Müşavirədə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Qusar rayonunda operativ qərargah yaradılıb, aidiyyəti qurumlarla birgə mütəmadi monitorinqlər təşkil olunur, riskli ərazilərdə zəruri təxirəsalınmaz tədbirlər görülür. Fermerlərlə görüşlər keçirilərək zərərvericinin aşkar olunması və mübarizə üsulları barədə ətraflı izahlar verilir, məlumatlandırma materialları paylanır.
İcra başçısı qeyd edib ki, rayon ərazisində meşəətrafı sahələrdə və yaşayış məntəqələrində profilaktik tədbirlər gücləndirilib, könüllü qruplar prosesə cəlb edilib.
2026-cı il üçün isə monitorinqlərin daha geniş miqyasda aparılması, bioloji mübarizə vasitələrinin tətbiqinin artırılması və fermerlərin texniki dəstək imkanlarının genişləndirilməsi planlaşdırılır. Rayon rəhbəri meyvəçilik, tərəvəzçilik və xüsusilə fındıqçılıq təsərrüfatlarının zərərvericilərdən qorunmasının prioritet istiqamət kimi müəyyənləşdirildiyini, mübarizə tədbirlərinin ardıcıl və koordinasiyalı şəkildə davam etdiriləcəyini bildirib.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu