Bakıda daha bir qadın estetik əməliyyatın qurbanı olub. Hadisə fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda baş verib. Bədən şəkilləndirmə əməliyyatı etdirən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti əməliyyatdan sonra kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.
Bizim.Media olayla bağlı araşdırma aparıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ
Məlum olub ki, “Medi Hall” hospitalın baş həkimi əvvəllər də uğursuz estetik əməliyyat iddialarında adı hallanan Nigar Məhəmmədovadır. O Nigar Məhəmmədova ki, əvvəlcə “MedAura” klinikasında plastik əməliyyatlar həyata keçirib və bu fəaliyyətlə bağlı pasiyentlərin kifayət qədər şikayətləri ortaya çıxıb.
Belə ki, 2025-ci il yanvarın 14-də “MedAura” klinikasında özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova Fərizə Hacıyeva adlı vətəndaşı bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.
Amma hadisədən sonra Nigar Məhəmmədovanın artıq “MedAura” klinikasında çalışmadığı bildirilib.
Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədovanın bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb.
Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.
Digər iddialara görə 18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent "MedAura" klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib. Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.
Belə çıxır ki, çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başındadır. Xeyli müddət “MedAura” klinikasında baş həkim kimi fəaliyyət göstərən Nigar Məhəmmədovanın Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərdiyi, daha sonra isə “Medi Hall”ın baş həkimi kimi çalışdığı aydın olur.
Araşdırmalarımızdan bəlli oldu ki, Nigar Məhəmmədovanın növbəti qurbanı “Medi Hall” hospitalında bədən şəkilləndirmə əməliyyatı etdirən 1983-cü il təvəllüdlü Nigar İsmayılovadır...
Məsələ ilə bağlı əvvəlcə “Medi Hall” hospotalla əlaqə saxladıq. Tibb müəssisəsindən bizi baş həkimlə əlaqələndiriləcəyi bildirilsə də, sonradan zənglərimizə cavab verən olmayıb.
Daha sonra Nigar Məhəmmədova ilə əlaqə yaratmağa çalışdıq. Assisenti Bizim.Media-ya açıqlamasında Nigar Məhəmmədovanın “Medi Hall” hospitalın baş həkimi olduğunu təsdiqləsə də, bizi onunla əlaqələndirməyib.
Qeyd edək ki, Baş Prokurorluq “Medi Hall” hospitalında baş verən ölümlə bağlı araşdırma aparır.
Bu hadisə bir daha göstərir ki, estetik cərrahiyyə sahəsində nəzarət mexanizmləri ürəkaçan deyil. Dəfələrlə adı uğursuz əməliyyatlarda hallanan, ölümə səbəb olan və kifayət qədər pasiyent şikayətləri olan nə Nigar Məhəmmədova, nə də onun çalışdığı klinikalar barədə hüquqi addım atılıb...
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media