Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Dövlət Turizm Agentliyindən (DTA) bildirilib.
Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlamalar olub.
"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan hotellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 hotelin ulduz kateqoriyasına sahib olduğu haqda sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən hotel isə qeydə alınmayıb", - agentliyin məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycanda mehmanxanaların ulduz kateqoriyalarının verilməsi 2019-cu ildən etibarən akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanı (MUKSO) tərəfindən həyata keçirilir.
Qiymətləndirmə prosesi DTA tərəfindən təsdiq edilmiş və "Hotelstars Union" beynəlxalq sistemi ilə uyğunlaşdırılmış meyarlar əsasında aparılır.
Sertifikatlaşdırma prosesinin yalnız ilkin mərhələ ilə məhdudlaşmadığı vurğulanıb:
"Mehmanxanaların müvafiq ulduz kateqoriyasına uyğunluğu planlı və plandankənar inspeksiyalar vasitəsilə mütəmadi nəzarətdə saxlanılır. Aşkar edilən uyğunsuzluqlardan asılı olaraq düzəliş üçün müddət verilə, zərurət yarandıqda isə ulduz kateqoriyası dəyişdirilə və ya ləğv edilə bilər".
Bildirilib ki, istehlakçı müraciətləri də nəzarət mexanizminin mühüm hissəsidir. Əsaslandırılmış şikayətlər və ya onlayn platformalarda yayımlanan mənfi rəylər daxil olduqda plandankənar yoxlamalar aparılır və nəticələrə uyğun qərarlar qəbul edilir.
Qeyd edək ki, Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var. Həmin hotellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.
Bizim.Media