İctimai nəqliyyatda bir sıra şəxslərlə yanaşı, azyaşlılar üçün də bəzi güzəştlər var. Bunlardan biri də müəyyən yaşa qədər uşaqlar üçün gedişhaqqının ödənişsiz olmasıdır. Yeni marşrutların əksəriyyətində belə bir lövhə asılıb ki, 5 yaşa qədər uşaqlar üçün gedişhaqqı ödənişsizdir.
Ancaq bəzi, xüsusilə köhnə avtobuslarda asılan yazıya görə isə bu, 6 yaşına qədərki uşaqlara aiddir.
Bəs hansı daha doğrudur? Bu barədə qanunvericilik nə deyir?
Bizim.Media xəbər verir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.29-1 saylı maddəsində bildirilir ki, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında gedişhaqqı 5 yaşadək uşaqlar üçün ödənişsizdir.
Həmçinin qanunun 6.29. maddəsində bildirilib ki, müntəzəm avtobus marşrutlarında (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa bilet alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə, həmçinin 5 yaşdan 10 yaşadək hər bir uşağa bilet alınmalıdır. 10 yaşdan yuxarı olan uşaqların getməsinə görə gediş haqqı müəyyən olunmuş tarifin tam həcmində alınır.
Göründüyü kimi, marşrutlarda gedişhaqqı qanuna əsasən 5 yaşa qədər uşaqlar üçün ödənişsizdir. Ancaq bu rəqəm metro və dəmiryollarında fərqlidir.
Belə ki, “Bakı Metropolitenindən istifadə Qaydaları”ndakı 4.1.-ci maddədə sərnişinlərin hüquqları qeyd olunub. Bu hüquqlardan biri də yeddi yaşınadək uşaqlara görə gedişhaqqı ödəməməkdir.
Azərbaycan Dəmiryollarında isə şəhərətrafı qatarlarda uşaqların daşınması bu qaydalarda həyata keçirilir: 7 yaşadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayəti ilə pulsuz səfər edə bilər.7 yaşdan böyük uşaqlar isə gedişhaqqı ödənilməklə səfər etməlidir.
Nəzrin Mirzəyeva, Bizim.Media