Azərbaycan Beynəlxalq Bankı (ABB) son dövrlər problemlərlə üzləşmiş “Bank BTB”ni almaq ərəfəsində olduğu bildirilir.
Yayılan məlumatlarda qeyd olunur ki, son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də fəaliyyət göstərirlər.
Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumata görə, BTB Bankın ABB-yə birləşdirilməsi zərurətə çevrilib. Çünki bu bankın maliyyə göstəriciləri son illərdə xeyli pisləşib. Belə ki, təkcə son bir ildə BTB Bankın gəlirləri 43 faizə yaxın azalıb.
Ən az nizamnamə kapitalına malik banklardan biri də BTB Bankdır. O ölkə üzrə bankların renkinqinə görə sonuncu yerlərdən birini tutur.
Aktivlərinin həcminə və depozitlərin həcminə görə ölkə üzrə renkinqdə BTB Bank 22 bank arasında 19-cu yeri tutur.
Bütün bu göstəricilərsə onu sübut edir ki, BTB Bank həssas dönəmə qədəm qoyur və vaxtında müdaxilə edilməsə, bank iflas edə bilər. Belə olacağı təqdirdə əhalinin 135 milyon manatlıq depoziti təhlükə altına düşə bilər.
Ötən ilin sonuna olan məlumatlar göstərir ki, BTB Bankın faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.
Araşdırmalarımızdan o da məlum oldu ki, hazırda ABB-də müəyyən hazırlıq işləri aparılır. Yaxın gələcəkdə iki bankın birləşməsi ilə bağlı qəti fikir bildiriləcək.
Məsələylə bağlı BTB Bank ilə əlaqə saxladıq. Bankdan Bizim.Media-ya bildirilib ki, bank əvvəlki rejimlə işini davam etdirir.
Azərbaycan Beynəlxalq Bankından isə sorğumuza cavab verilməyib.
Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.
Surxay Atakişiyev. Bizim.Media