Beynəlxalq Valyuta Fondunun (BVF) İsveçrə seçici qrupunun icraçı direktoru Patrik Loşeviski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Maliyyə Nazirliyi yayıb.
Səfər çərçivəsində Loşeviski Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və rekonstruksiya işləri ilə ətraflı tanış olub.
Ağdam işğal zamanı tamamilə dağıldığı üçün şəhərin baş planının icrası, müasir infrastrukturun formalaşdırılması və “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin tədricən köçürülməsi üzrə tədbirlər göstərilib.
“Loşeviski həmçinin Xankəndi şəhərinin mərkəzi hissəsində aparılan işlərlə, əsas infrastruktur obyektlərinin bərpa və rekonstruksiya işləri, sosial infrastrukturun təşkili və sakinlərin həyatının təmin olunması üçün görülən tədbirlərlə tanış olub”, — məlumatda qeyd edilir.
Şuşa şəhərinə səfəri zamanı BVF nümayəndəsinə şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat verilib. Bildirilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq bölgənin sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.
Bizim.Media