Fevralın 6-da “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi tərəfindən güllələnən 28 yaşlı müəllimə - Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib.
Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bizim.Media