Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla yanaşə Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək mühüm kommunikasiya xəttidir.
Bu layihə təkcə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsilə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.
Bəs avtomagistralın tikintisi nə yerdədir?
Mövzu ilə bağlı Azərbabaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək:
“Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 kilometr təşkil edir ki, bunun 123,6 kilometri əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14–21 metr, torpaq yatağının eni isə 21,5–29,5 metrdir. Hərəkət zolaqlarının sayı ərazilərdən asılı olaraq 4–6 arasında dəyişir.
Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.
Yolun inşasında yüksək keyfiyyətli materiallardan və qabaqcıl texnologiyalardan istifadə olunur. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb. Yolun tikintisində 950 min kvadratmetr asfalt, 61 milyon 386 min kubmetr torpaq işləri görülüb. Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır. Yol üzərində 28 körpü, 55 alt keçid, 258 dairəvi və 47 düzbucaqlı boru inşa edilib”.
Müsahibimiz onu da qeyd edib ki, yüksək keyfiyyətlə və optimal müddətdə işa edilən magistral yolda tikinti işlərinin 95 faizi yekunlaşıb:
“Yaxın aylarda yol tam hazır vəziyyətə gətiriləcək”.
Surxay Atakişiyev, Bizim.Media