Məlum olduğu kimi, Bakı metropoliteninə məxsus qatarların bir hissəsi yeni, bir hissəsi isə köhnədir. Köhnə qatarlarda isə, xüsusilə, səhər saatlarında daha çox sıxlıq müşahidə olunur.
Bəs köhnə qatarlar nə vaxt tamamilə istifadədən kənarlaşdırılacaq?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya verdiyi açıqlamada metroda köhnə qatarların nə vaxt tamamilə yeniləri ilə əvəz olunacağı barədə danışıb:
“Metropolitendə bütün vaqonlar istehsalçının müəyyən etdiyi istismar müddəti bitdikdən sonra xətdən çıxarılır. Vaqon parkının yenilənməsi müntəzəm xarakter daşıdığından proses hər bir vaqonun istismar müddəti əsasında, qanunvericilik və normativ qaydaların tələblərinə uyğun təmin edilir. Hazırda Bakı metropolitenində 4-cü nəsilə mənsub vaqonların sayı 180-ə çatdırılıb. Əvvəlki nəsil vaqonların yeni nəsil analoqları ilə əvəzlənməsi prosesi istismarda saxlama şərtlərinə uyğun həyata keçirilməklə, 2026-ci il də daxil olmaqla, 2042-ci ilədək aparılacaq”.
Fatimə Əliyeva, Bizim.Media