Qusarda məktəblilərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Qusar Rayon Mərkəzi Xəstəxanasından saytımıza xəsarət alanlarla bağlı açıqlama verilib.
Bildirilib ki, 13.01.2026-cı il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu