Xüsusilə bayramlarda süfrələrin əsas təamına çevirilən turşulardan düzgün istifadə etməmək ölümə qədər gətirib çıxara bilər. Bunu illik açıqlanan statistik rəqəmlərdən də görmək mümkündür.
Bilirsiniz ki, ev şəraitində müxtəlif tərəvəz məhsullarından hazırlanan turşuların tərkibi duz və sirkədən ibarət olur.
Bu səbəbdən sözügedən məhsulların hazırlanma və saxlanma qaydasına düzgün əməl edilməsi əsas şərtdir.
Bəs turşulardan zəhərlənməmək üçün hansı şərtlərə əməl edilməlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, ev şəraitində hazırlanan turşular açıldığı gündən ən gec 2-3 gün ərzində istehlak edilməlidir:
“Bundan əlavə, turşular üçün seçilən məhsulun təmizliyinə, xarab və əzik olmamasına, mövsümü və yerli olmasına diqqət yetirilməlidir.
Tərəvəzlərin yerləşdirildiyi qablar təmiz olmalı, əsasən konservləşdirmə üçün şüşə banka seçilməlidir. Turşu qoyularkən şəxs mətbəx əlcəklərindən istifadə etməli, yaxud əllərinin təmizliyinə diqqət etməli, əllərdə açıq yara izi olmamalıdır.
Turşuların saxlanma şəraitinə də diqqət etmək vacibdir. Çalışmaq lazımdır ki, bu konservlər sərin, qaranlıq, quru yerdə saxlanılsın. Əgər bu şərtlərə əməl edilməsə, turşunun saxlanıldığı qabın qapaqlarında şişmələr olur. Belə halda da həmin məhsulun istehlakı zəhərlənmə yarada biləcəyindən istifadəsi düzgün hesab edilmir.
Əgər konservləşdirmə zamanı bu kimi qaydalara riayət edilməzsə, bu, zəhərlənməyə gətirib çıxarır. Zəhərlənmənin ən ağır forması botilizm isə bir çox hallarda ölümlə nəticələnir”.

Naibə Məmmədova, Bizim.Media