Xəzər rayonu, Şağan qəsəbə sakinləri susuzluqdan əziyyət çəkir.
Şağan qəsəbəsi, 4-cü Şağan küçəsi, giriş 177 ünvanında yaşayan sakinlərdən Bizim.Media-ya şikayətlər daxil olub. Dediklərinə görə uzun müddət əvvəl həmin ərazidə su xətti çəkilərək sayğaclar quraşdırılıb, lakin buna baxmayaraq, evlərə suyun verilişi hələ də təmin olunmayıb.
Sakinlərin sözlərinə görə, əraziyə suyun gəlməməsi onların gündəlik həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir və gündəlik ehtiyaclarını ödəməkdə böyük maneələr yaradır.
Bu problem nəticəsində ailələr su ehtiyacını ödəmək üçün əlavə xərclərə, məsələn, qonşu məntəqələrdən su almağa və ya başqa alternativ yollar tapmağa məcbur olurlar.
Sakinlər qeyd edirlər ki, aidiyyəti qurumlarla dəfələrlə əlaqə saxlasalar da, hələ ki, konkret nəticə əldə edilməyib və su problemi davam etməkdədir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvana Xəzər rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən baxış keçirilib. Xətlərdə yoxlanışlar aparılıb və şəbəkədə nasazlıq olduğu müəyyənləşdirilib. Hazırda xəttin qəzalı hissəsinin dəyişdirilməsi istiqamətində bərpa işləri icra edilir.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media