İnternet informasiya ehtiyatında kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, internet informasiya ehtiyatının ve onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yuxarıda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media