Əfsanəyə çevrilən KÖLGƏ ADAM – Ermənilərin kabusuna çevrilən Pəncəli Teymurovun ev muzeyindən REPORTAJ -FOTO

“Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu, üçrəngli bayrağına bükülsün şəhid tabutum…”

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu, onun – dirisini ələ keçirməyə ümidləri olmayan ermənilərin başına milyonluq mükafat qoyduğu, "kölgə adam" ləqəbli kəşfiyyatçı Pəncəli Teymurovun öz toyunda uca səslə özünə ünvanladığı arzusu idi.

1981-ci ilin 24 martında Astara rayonunun Əzarüd kəndində dünyaya göz açan “kölgə adam” əslində şəhid olduğu Aprel döyüşlərindən sonra bizim üçün yenidən doğuldu. Görünməz kölgə olub düşmən tapdağında olan torpaqlarımıza tez-tez sızan istehkamçı-kəşfiyyatçı üçün Şuşanın öz yeri vardı. Ona görə yox ki, Şuşa dağlar qoynunda cənnət idi.

Dağlara qalsa…

İndi Əzarüd kəndinin adı az qala unudulub. Hər kəs rayon mərkəzindən 40 kilometrlik uzaqlıqda yerləşən bu yaşayış məntəqəsini artıq “Pəncəlinin kəndi” deyə nişan verir.


Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr sərəncamı ilə Pəncəli Teymurovu Milli Qəhrəman adı ilə təltif etməsindən sonra onun ata yurdunda yerləşən ev-muzeyinə ölkənin hər yerindən axın-axın ziyarətçilərin səfərləri davam edir. Uca dağlar qoynunda yerləşən ev-muzeyi bir dağlar oğlunun keçdiyi hərb yolunun, ilk qələbəmiz olan Aprel döyüşlərinin tarixini hər kəsə eksponatların dili ilə danışır.

Milli Qəhrəmanın anası Vahimə Teymurova deyir ki, Prezidentin Sərəncamını yolda olarkən eşidib:



“Mənə zəng edib bu xəbəri deyəndə bunu elə bizə qələbə sevincini yaşatmış Ali Baş Komandanın ailəmizə təbriki kimi qəbul etdim. 9 il idi ki, bunu gözləyirdik. Birbaşa Pəncəlinin məzarı üstə getdim. Ona dedim ki, oğlum-şəhidim, səni təbrik edirəm.

Bir neçə gün əvvəl prezidentimizin qızları da ev-muzeyinə gəlmişdilər. Öz ürək sözlərini də xatirə kitabına yazdılar. Hamısına ailəmiz adından təşəkkür edirəm”.

Bu da onun evi – Azərbaycan Milli Qəhrəmanlarının sonbeşiyi Pəncəli elə məhz burdadır.

Geydiyi hərbi geyimlər, 42 ölçülü çəkməsi, kursant paltarı… Fotoları…

Hələ heç kimin oxuya bilmədiyi xüsusi işarələrlə qeydlər yazılmış kəşfiyyatçı dəftərçəsi, uşaqlıqda oynadığı top, məzun geyimi, ermənilərdən qənimət götürdüyü silah, Türkiyə dövləti tərəfindən onun adı yazılmış xüsusi simvollu xəncər...


Ailəsi hər gün onun nəfəsini hiss etmək üçün bura gəlir. Onun buradakı əşyalarının hər biri tarixdir.

Muzeyi müharibə veteranı kimi Sumqayıtdan ziyarətə gəlmiş Həsən Yaqubov deyir ki, biz 44 günlük müharibəyə bütün şəhidlərimizin qisasını almaq üçün yollandıq.


“Biz xarici filmlərdən ideal seçib müharibəyə, döyüşə getmədik. Biz Polad Həşimovun, Mübarizin, Raqub Orucovun, Pəncəli Teymurovun qələbəyə açdığı yolla gedərək zəfərimizi qazanıb onların da qisasını aldıq. Aprel döyüşləri 44 günlük zəfərin açarı idi.”

P. Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Tezliklə kəşfiyyatçı peşəsinə yiyələnib. Yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda xidmətini davam etdirib. Diqqət etsəniz, 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəlinin partlatdığı 4 erməni zabiti və 20 əsgərinin olduğu “Ural” markalı maşının qırıntılarını da burada – muzeydə görə bilərsiniz.

Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarla erməni əsgərini, texnikasını sıradan çıxarmaq...

Təbii ki, bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda qorxu ilə xatırlanır. Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

Pəncəlinin oxuduğu orta məktəb indi tam təmir olunub. Yaşlılar deyirlər ki, 1992-ci ilin Xocalı faciəsini yaşayanda oradakı kadrları izləyən 5-ci “A” sinifinin şagirdi – Pəncəli öz tay-tuşlarını başına yığıb, onları qarşıdakı meşəliyə apardı və uşaqlara dedi ki, buradan yol tapsalar, Xocalıdan qaçanları kəndə gətirəcəklər. Məktəblilər anladılar ki, bu qarlı qış günündə Qarabağa tərəf getmək çətin olacaq və kor-peşiman kəndə qayıtdılar.

 

Yolda Pəncəli bir ağacın yanında dayanıb gövdəsinə bir tank, bir qartal və bir dənə də ilan şəkli cızdı. Yanındakı uşaqlara and içdi ki, böyüyəndə gedib ermənilərdən qisas alacaq, tankı ilə onların başını bu ilan başı kimi əzəcək, sonra isə qartal kimi o dağların başında uçacaq.

Pəncəli dediyini etdi.

Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçisi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu hadisə erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Pəncəlinin oxuduğu məktəbdə indi daha bir Pəncəli təhsil alır. 2016-cı ildə dünyaya göz açan 9 yaşlı bu Pəncəli Milli Qəhrəman olan dayısının üzünü görməyib. Onun üçün bu ev-muzeyi məhz dayısını, adaşını tanıdığı məkandır.


“Bura gəlirəm, elə bilirəm dayım burdadır. Ona söz vermişəm, mütləq hərbçi olacağam. Mənim adım çəkiləndə hamı bir an dayanır. Tanıyan da, tanımayan da. Bilirəm, dayıma görədir. Zəfər gününə görə məktəbdən tez buraxdılar, gəlib gördüm anam həm sevinir, həm ağlayır. Dayıma Milli Qəhrəman adının verilməsini o, mənə dedi.”

Muzeyin təqvimində 2016-cı ilin apreli xüsusi yer tutur.

O aprel səhərində Pəncəli bir dəfə Talış kəndinə girib, daha sonra Seysulan tərəfə keçmişdi. Düşməndən geri alınan mövqedə postları möhkəmləndirmək üçün Murad Mirzəyev, Samit İmanov da onun açdığı istehkamla hərəkət edirdilər. Hətta 40 dəqiqəyə 11 kilometrlik kəsmə yol da qət etmişdilər. Azərbaycan Ordusunun cavab atəşindən çaşan, hər zaman “Ohanyan xətti” deyib qoruduqları mövqelərdə yaranan fövqəladə vəziyyət erməniləri çaş-baş salmışdı. Lakin əsgərlərimizin yenicə təmizlədiyi səngərlərdə və mövqelərdə bizim hərbçilər də bərkitmə işləri aparırdılar.

Arxadan həm də kömək gözləyirdilər...

Bir qədər vaxt keçəndən sonra qarşı tərəfdən yenə də artilleriya hücumları şiddətlənməyə başladı... Pəncəlinin və onun yanında olan zabitlərin dayandıqları səngərə düşən mərmidən Pəncəlinin əlindəki avtomat və başındakı qoruyucu şlem yerə düşdü. Top mərmisinin zərbəsi Pəncəlinin bədənini götürüb səngərin o biri üzünə atdı. 17 ildə heç zaman gizir Pəncəli Teymurov belə zərbə görməmişdi. Yıxıldığı yerdən ayağa durub, silahını götürərək səngərdən qabağa tullandı...

Arxadan Murad Mirzəyev onu nə qədər çağırsa da, Pəncəli eşitmirdi...

Çünki Pəncəli kontuziya almışdı və özündən asılı olmayaraq, döyüş vərdişlərinə əsasən yenidən hücuma keçmişdi. Hücuma keçdiyi ərazidə – qarşıda mənfur düşmən idi. Düşmənin ikinci dəfə atdığı ağır texnika atəşindən Pəncəli ağır yaralanaraq yerə yıxıldı... Üzbəüz döyüşə qalsaydı, Pəncəli erməniyə can verməzdi... Axı bu yollarla düşmən tapdağı altında olan ərazilərimizə keçib o qədər uğurlu əməliyyatlarda iştirak etmişdi ki...

Aprelin 11-də Əzarüd kəndində Pəncəlinin məzarı üstündən xatirə yaylım atəşləri açılır.

Kənd məktəbinin müəllimi Vüqar Cövdəyev deyir ki, Pəncəlinin uşaqlıqdan tanıyır.

“Uşaqlıqdan qəribə şəkildə cəsarətli, inadkar və həm də fiziki cəhətdən güclü idi. Bütün bunlarla bərabər ədalətli olmaq qədər gözəl xarakteri var idi. Onun qəhrəmanlığı məhz bizim üzləşdiyimiz ədalətsizlikdən doğdu. Bu gün muzeyi məktəb kollektivimizlə birgə ziyarət etdik, indi bu muzey artıq Milli Qəhrəmanımızın muzeyidir. Buna görə cənab Prezidentə hər birimiz təşəkkür edirik.”

Şuşadan bu kəndin dağlarına çox məsafə var.

Amma şəhid ruhları üçün zaman da, məkan da bizdən fərqlidir. Məzarı başında atılan güllələrin əks-sədası mütləq Şuşada səslənməli idi. Və səsləndi də. Aprel güllələri qaranquş olub Şuşa dağlarına apardı bizi. İndi məzarı başında isə Cıdır düzündən tez-tez çiçəklər gəlir. Elə məhz həmin apreldə də biz başqa Azərbaycan olduq. Əfsanəvi kəşfiyyatçının şəhid tabutuna qucaqlanmış bayrağımız çox keçmədən tarixi 8 noyabrda Şuşanı öz rənglərinə qovuşdurdu.
























Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Efirdə nəvələrini görən Xalq artisti AĞLADI - VİDEO

Efirdə nəvələrini görən Xalq artisti AĞLADI - VİDEO

Kevin Medina huşunu itirdi - ANBAAN VİDEO

Kevin Medina huşunu itirdi - ANBAAN VİDEO

Qarşıdan gələn 8 il hər kəsin taleyini yenidən yazacaq: Bütün bürclər üçün proqnoz

Qarşıdan gələn 8 il hər kəsin taleyini yenidən yazacaq: Bütün bürclər üçün proqnoz

İlk hissənin qəhrəmanı Koxalski oldu - Yaddaqalan epizod/VİDEO

İlk hissənin qəhrəmanı Koxalski oldu - Yaddaqalan epizod/VİDEO

Bakıda suşi restoranında NÖQSANLAR aşkarlandı - FOTO

Bakıda suşi restoranında NÖQSANLAR aşkarlandı - FOTO

“Napoli” - “Qarabağ” matçında birinci hissə BAŞA ÇATDI

“Napoli” - “Qarabağ” matçında birinci hissə BAŞA ÇATDI

Bakıxanov qəsəbəsində uşaq meydançası zəbt olundu - İDDİA/VİDEO

Bakıxanov qəsəbəsində uşaq meydançası zəbt olundu - İDDİA/VİDEO

Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə UDUZDU

Çempionlar Liqası: “Qalatasaray” və “Ayaks” evdə UDUZDU

Makron: “Ukraynaya təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupu yaradılıb”

Makron: “Ukraynaya təhlükəsizlik təminatlarının hazırlanması üçün işçi qrupu yaradılıb”

Zaurla Günay oğullarının ad gününü QEYD ETDİ - VİDEO

Zaurla Günay oğullarının ad gününü QEYD ETDİ - VİDEO

“Avropa Ukrayna müharibəsinin həlli ilə bağlı öz planını irəli sürməkdən imtina edir” - Starmer

“Avropa Ukrayna müharibəsinin həlli ilə bağlı öz planını irəli sürməkdən imtina edir” - Starmer

“Napoli” - “Qarabağ” OYUNU BAŞLADI - CANLI

“Napoli” - “Qarabağ” OYUNU BAŞLADI - CANLI

Ləmanın son durumu AÇIQLANDI

Ləmanın son durumu AÇIQLANDI

Ceyhun Bayramov Vatikanda Müqəddəs Pyotr Bazilikasında - FOTO

Ceyhun Bayramov Vatikanda Müqəddəs Pyotr Bazilikasında - FOTO

“Qarabağ”ın heyəti artıq STADİONDADIR - VİDEO

“Qarabağ”ın heyəti artıq STADİONDADIR - VİDEO

Xalq artisti dələduzluqla üzləşdi - VİDEO

Xalq artisti dələduzluqla üzləşdi - VİDEO

“Napoli”- “Qarabağ” oyununun START HEYƏTLƏRİ

“Napoli”- “Qarabağ” oyununun START HEYƏTLƏRİ

Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub - FOTO

Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub - FOTO

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - FOTO

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - FOTO

Şəmkirdə qardaş bacısını BIÇAQLADI

Şəmkirdə qardaş bacısını BIÇAQLADI

“Soyuq Əllər, İsti Ürək” yarmarkasındakı yanğında bir nəfər tüstüdən ZƏHƏRLƏNİB

“Soyuq Əllər, İsti Ürək” yarmarkasındakı yanğında bir nəfər tüstüdən ZƏHƏRLƏNİB

Diş müalicəsi bu xəstəliklərin riskini azaldır - ARAŞDIRMA

Diş müalicəsi bu xəstəliklərin riskini azaldır - ARAŞDIRMA

Ceyhun Bayramov Vatikanda Ermənistanla normallaşma prosesini müzakirə etdi - FOTO

Ceyhun Bayramov Vatikanda Ermənistanla normallaşma prosesini müzakirə etdi - FOTO

İkinci Liqa: “Xankəndi” və “Şəki Siti”dən böyükhesablı QƏLƏBƏ

İkinci Liqa: “Xankəndi” və “Şəki Siti”dən böyükhesablı QƏLƏBƏ

End of content

No more pages to load

RADİO