Bu günlərdə Azərbaycanda bir ilk yaşandı: meyit donordan 21 yaşlı xəstəyə ürək köçürüldü. Bu çətin əməliyyatı Mərkəzi Klinikada cərrah Kamran Musayev həyata keçirib. 9 saatlıq ağır əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşı olduğu deyilir.
Bu ümidverici hadisə neçə-neçə nigaran xəstənin arzularının həyata keçməsinə stimul oldu. Dünyanın bütün sivil ölkələrində olduğu kimi Azərbaycanda da həyat bağışlayan mərhəmətli insanlar könüllü donor olurlar. Amma bu məsələdə vəziyyət başqadır: sağ ikən donor olan və ya öncədən bağışlayan insan başqa, artıq dünyasını dəyişmiş donor başqa...
Belə olduğu məqamda meyitdən orqan götürülməsi zamanı ailənin razılığı alınır, bəs bu razılığa görə onlara pul ödənilməsi mümkündürmü?
Qeyd edək ki, Azərbaycanda meyitdən orqan götürülməsi məsələsi “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Nə sağ ikən şəxsin yazılı razılığı, nə də ölümündən sonra onun ailə üzvlərinin icazəsi olmadan mümkün deyil.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycanda orqan donorluğu tam könüllülük əsasında həyata keçirilir:
“Ölkəmizdə orqan bağışlanması tamamilə humanizm prinsipinə əsaslanıb. İnsanpərvərlik naminə edilən donorluq təmənnasız olaraq həyata keçirilir. Bunun müqabilində pul və ya digər maddi qarşılıq verilməsi qəti qadağandır”.
Qanunun 15-ci maddəsində də göstərilir ki, orqan və toxumaların verilməsi üçün hər hansı ödəniş, mükafat, maddi fayda və ya digər kompensasiya forması qanunsuzdur. Bu, həm canlı donor, həm də meyitdən orqan götürülməsi hallarına aiddir. Yalnız insani, etik təşəkkür mümkündür”.
Şəfiqə Şəfa, Bizim.Media