Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Zaur Cavanşirin “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı xatirələr kitabından IX hissəni təqdim edirik:
Həyat qurtaran məktub: Məlikcanlı
“Həyatda heç nə təsadüfi deyil, sadəcə biz onun səbəbini hələ anlamamışıq.” - Lev Tolstoy
13 oktyabr 2020-ci il gecə ərzində Xırmancıq, Ağbulaq, Edilli və Akullu kəndləri düşməndən təmizlənmişdi. Hücumu Düdükçü və Üçbulaq kəndləri istiqamətində davam etdirərək Məmməddərə, Çiraquz və Üçbulaq həddini ələ keçirməli idik.
Edilli kəndi Hadrut qəsəbəsindən hava yolu ilə 6 km, dağ yolları ilə isə Məlikcanlı, Bulutan, Xırmancıq və Ağbulaq kəndlərindən keçməklə təxminən 17 km məsafədə, yüksək dağlarla əhatələnmiş gözəl bir vadidə yerləşir. Şərq kənarındakı yalın təpələrdən başqa, hər tərəf meşə və yaşıllıqdır.
Ağbulaq kəndindən kiçik bir dərə ilə ayrılan Edillinin hər tərəfində nəzarətsiz axan bulaqlar yolları palçıq edərək bəzi yerləri keçilməz etmişdi. Qərb kənarındakı yalın təpələrin üzərindən isə Füzuli rayon mərkəzi, Xocavənd rayonunun bütün kəndləri, Məngələnata yüksəkliyi, Köndələn çayının vadisi və Füzulidən Qırmızıkənd istiqamətinə gedən bütün yollar əl içi kimi görünürdü.Ona görə taktiki komanda məntəqəsini Edilli kəndinin üzərindəki ən yüksək təpədə, ermənilərin quraşdırdığı xaçın altında açdıq.
Füzuli istiqamətində xüsusi təyinatlılarımız artıq Məngələnata yüksəkliyini və rayon mərkəzinin ətrafındakı yüksəklikləri işğaldan azad etmişdilər.
Düşmən inadla müqavimət göstərirdi. Füzuli istiqamətində keçirilmiş əməliyyat barədə ayrıca sonrakı hissələrdə ətraflı danışılacaq.
Əməliyyatdan əvvəl ərazi kəşfi apardıqda hər yerə xüsusi diqqət yetirirdim. Bölgənin yüksəklik və dərin vadilərdən ibarət olması düşməni müxtəlif tədbirlər görməyə vadar etmişdi. Onlardan biri — vadinin bir başından digərinə, yüksəklikdən-yüksəkliyə çəkilmiş qalın troslar idi. Bu troslar dronların, PUA-ların, vertolyotların və təyyarələrin vadi boyunca uçuşuna mane olmaq üçün qoyulmuşdu.
Ümumiyyətlə, hava hücumundan müdafiəni (HHM) təşkil edərkən hava hədəfləri (təyyarə, vertolyot, PUA, dron və s.) müəyyən hündürlükdə uçmalıydı ki, HHM vasitələri onları görə bilsin.
Peşəkar pilotlar — istər PUA, istər təyyarə idarəçiləri — hədəfə qədər mümkün qədər aşağıdan uçaraq düşmənin HHM-dən yayınmağa çalışırlar. Yəqin Tom Kruzun çəkildiyi “Top Gun” filmində dərə boyunca uçuş səhnələrini izləmisiniz; orada bu manevrin necə və nə üçün edildiyi aydın göstərilir.
Amma düşmən yalnız trosla kifayətlənməmişdi: bütün yüksəkliklərdə HHM vasitələri yerləşdirmişdi.
Hətta Ərgünəş dağında böyük zenit raket kompleksi var idi. Bundan başqa dərələrin içində demək olar hər yerdə daşınan zenit raket kompleksləri (DZRK) yerləşdirmişdilər.
Bütün bu əngəllərə və maneələrə baxmayaraq, təyyarəçilərimiz böyük şücaət göstərib verilən tapşırıqları yerinə yetirdilər. Xüsusilə 4 oktyabrda Cəbrayl üzərində vurulan və qəhrəmancasına şəhid olan polkovnik Zaur Nudirəliyev bu çətinliklərə baxmayaraq 12 dəfə düşmən müdafiəsini dərinliyinə daxil olaraq verilmiş hədəflərin hamısını dəqiqliklə məhv etmişdi.
Düşmən nə qədər alçaq və şərəfsiz olsa da, işğal etdiyi torpaqlarda ağıllı müdafiə sistemi qurduğunu etiraf etməliyik. Onları bu torpağa heç nə bağlamadığı üçün hər yeri dağıdıb, kəsib, yandırmaqla müdafiə qurğuları və istehkamlar yaratmışdılar. İndi bu trosları görəndə onların komandirlərinin sarsaq olmadıqlarına əmin olurdum. Bəzi yerlərdə trosların uzunluğu 1 km-ə çatırdı — bu qədər yükü daşıyacaq güclü təməl tələb olunurdu. Ona görə mühəndis-istehkamçılara düşməndən götürülmüş mina və partlayıcıları yerləşdirməklə trosları partladıb ləğv etməyi tapşırmışdım.
Edilli kəndinin yolları digər kəndlərə nisbətən yaxşı idi: düşmən Füzuli rayon mərkəzinin və ətraf kəndlərin evlərini sökərək kubik daşlarını yollara düzmüşdü. Bəzi həyətlərdə isə azərbaycanlı qəbir daşları birbaşa yerlərə döşənmişdi— bəzən üzərindən şəkillər belə çıxarılmamışdı. Bütün bu vəhşiliklərə baxmayaraq, biz silah götürməyən ermənilərə atəş açmırdıq.
Cəbhə xətti sabit deyildi.
Bəzi yerlərdə düşmənin müqavimətini qırıb daha dərinliyə daxil olduğumuz üçün düşmən hər tərəfdən peyda ola bilərdi. Ona görə hər an hər şeyə hazır olaraq döyüşürdük. Düşmən artilleriyası fasiləsiz yolları, yerləşdiyimiz məntəqələri və hətta azad etdiyimiz kəndləri atəşə tuturdu. Artıq bir neçə mərmi idarəetmə zirehli avtomobilimin ətrafına düşmüşdü. Rabitəçi zabit Tanrıverdiyev Hüseyn deyirdi ki, düşmən xaça atəş açmaz — amma uzun, vahiməli fitlə gələn mərmilər tədricən bizə yaxınlaşırdı.
Mən Hüseynə baxdım və dedim:
— Hüseyn, əgər növbəti mərmi xaçın yanına düşsə, səni bu maşında saxlayıb rabitəçiləri götürüb irəli gedəcəyəm. Qalacaqsan, öz xaçınla burda tək başına. Sənə dediyim kimi, kənarda bir mövqe aç və xətti çək.
— Cənab polkovnik, xaç onlar üçün müqəddəsdir axı. Görmürsüz, hər kəndin üstünə xaç qoyublar. Vurmazlar, mən inanıram, — dedi. O sözünü bitirməmiş uzun, vahimətli fit səsləri eşidildi və mərmi düz avtomobilin qarşısına düşdü. Xoşbəxtlikdən həmin tərəf dərə olduğuna görə qəlpələrin çoxu əks tərəfə səpələndi; avtomobilin qabağına isə yalnız az sayda qəlpə dəymişdi.
Amma bu o demək idi ki, düşmən atışına düzəliş edirdi — ətraf yüksəkliklər və meşəlik imkan verirdi ki, onlar orada gizlənib mərminin düşdüyü yeri görüb düzəliş etsinlər — və növbəti mərmi tam başımıza düşə bilərdi. Mən rabitəçiləri götürüb həmin yerdən 300 metr aralılaşdım.
Polkovnik-leytenant Tanrıverdiyev isə zirehli avtomobili aşağı, daha təhlükəsiz yerə çəkməli oldu. Avtomobil yerini dəyişdikdən bir dəqiqə sonra düşən mərmi xaçı göyə sovurdu —Hüseynin dediyi kimi, ermənilər öz müqəddəs xaçlarına “hörmət” göstərmişdilər.
İrəlidə bizə doğru bir neçə zirehli maşından ibarət kolon yaxınlaşırdı.
Tanınma nişanlarına görə polkovnik Kənan Seyidovun rəhbərlik etdiyi taktiki komanda məntəqəsi idi. Onlar atəş altında hərəkət etmələrinə baxmayaraq narahat deyildilər — müharibə başlayandan hər saniyəmiz güllə və mərmi altında keçdiyinə görə buna artıq alışmışdıq. Həm də mərminin nə vaxt, hara düşəcəyini, güllənin səni hansı vəziyyətdə tapacağını bilmədiyindən narahat olmağa dəyməzdi: ölsək, xəbərimiz olmayacaqdı — onsuzda mərmi və ya güllə həyatımıza dərhal son qoyacaqdı.
Vaterloo döyüşündə körpünün girişində, döyüşün ən qızğın yerində dayanan Napoléon yavərinin hər güllə onlara tərəf gəldikcə başını aşağı əyməsini görüb demişdi:
— Başını aşağı, sağa-sola əyməklə güllədən qaça bilməzsən. Əgər o güllə sənin qismətindirsə, torpağa nə qədər dərinliyinə girsən də, səni tapacaq.
Müharibədən sonra bir çox dostlarımız soruşurdu:
— Orada güllə və mərmi altında nə düşünürdünüz? Ailən, uşaqlar yadına düşürdü?
Mən həmişə cavab verirdim:
— Orada başqa heç nə düşünmək olmur — yalnız verilmiş tapşırığı üzünüzü ağ edəcək şəkildə yerinə yetirmək istəyirsən. Əsas məsələ öz qorxunu boğaraq silahdaşlarınla bir cərgədə, heç nəyə baxmayaraq düşmənə doğru irəliləməkdir. Ailə, uşaq ağlımıza gəlmir və gəlməməlidir; əks halda zəifləyərdik — qorxumuz öz həyatımız üçün deyil, bəlkə də onlara görə olardı.
Kənan mənə çatdıqda kolonu saxladı. Biz artıq oktyabrın 10-da Şişdağda — o, Füzuli istiqamətində hərəkət edəndə görüşmüşdük. O vaxt Hadrutdan keçməklə Xırmancıq kəndinə getmək istəyirdi, amma mən düşmənin Hadruta gedən yolu vurduğunu, hətta bir tankımızın az əvvəl vurulduğunu bildirdiyim üçün oradan keçməsinə icazə verməmişdim.
İndi isə onlar Axulludan keçib Məngələnata istiqamətinə tərəf gedirdilər. Taktiki komanda məntəqəsi olaraq döyüşün ən qızğın yerində və idarə etdiyimiz bölmələrlə birbaşa eyni cərgədə olmalıydıq.
— Qardaş, Akulludan keçib irəli gedə biləcəyəm? — Kənan görüşdükdən dərhal sonra soruşdu.
— Gedə bilərsən, amma yenə də diqqətli ol. Hər şey ola bilər, — dedim.
— Yaxşı, qardaş. Gedək. Dirəniblər, amma yaxın vaxtda Füzulini tam təmizləyəcəyik. Şuşaya gedəndə görüşərik.
— İnşallah. Mütləq - Onunla bir daha görüşə biləcəyimdən əmin olmadan dedim
16 oktyabr 2020-ci ilədək ətraf yaşayış məntəqələrini və yüksəklikləri düşməndən təmizləyib növbəti hücumlar üçün çıxış vəziyyəti — yəni bütün qoşunların eyni hədd üzrə yerləşib hücuma başlama xətti — yaratmışdıq. XTQ-nin bölmələri bütün istiqamətlərdə, gecə-gündüz dayanmaq bilmədən aktiv döyüş aparırdı. Hər təpə, hər ev, hər səngər, hər Vətən daşı uğrunda canımız-qanımız bahasına amansız döyüşürdük.
Düşmən bizim nə vaxt, haradan basqın edəcəyimizi bilmirdi. Artilleriya bölmələri atəş mövqelərində olanda, hava hücumundan müdafiə bölmələri start mövqeyində yeni raket yükləyəndə, idarəetmə məntəqələri qoşunlarını idarə edəndə biz basqınlarla onları məhv edirdik. Yollarda təminat maşınlarını pusquya salıb ələ keçirir, sursat və ehtiyat vasitələrini istifadə edirdik. Çünki sürətlə düşmən xəttinin arxasına keçdiyimiz üçün bölmələrə təminatı yalnız gecələr — təminat qrupları vasitəsilə — çatdırmaq mümkün idi.
Gecə təminat qruplarımız kvadrosikllarla, işıq yandırmadan, ilk dəfə istifadə etdikləri dağ yolları ilə təminat vasitələrini bölmələrimizə çatdırır, yaralı və şəhidlərimizi təxliyə edirdilər. Əvvəldə qeyd etdiyim kimi, dəfələrlə təminat qrupları düşmənlə qarşılaşmış və qeyri-bərabər döyüşdə düşməni məhv etmişdilər. Təəssüf ki, bu qruplardan da şəhid və yaralılarımız olmuşdu.
Mən Məmməddərə istiqamətində qoşunların hücum əməliyyatına rəhbərlik edirdim.
Düşmən geri çəkilsə də bizi intensiv və dəqiq artilleriya atəşinə tuturdu. Yaxınlığımıza mərmi yağırdı — həm də dəqiqliklə. Çünki onlar 360 dərəcə hər yerdə idilər və bizi bütün istiqamətlərdən vura bilirdilər.
Zoğal Bulaq istiqamətində hücumumuz uğurla davam edirdi, lakin Tuğ kəndinin yaxınlığında, 702.0 yüksəkliyində — hücuma rəhbərlik edən polkovnik-leytenant Anar Əliyev qəhrəmancasına şəhid olmuşdu. Bölmənin çoxlu yaralısı var idi. Üstəlik düşmən çox sayda qüvvəsi ilə həmin yüksəkliyi geri qaytarmaq məqsədilə əks-həmlə edirdi. Onlar məndən əlavə kömək istəyirdilər.
Mən dərhal həmin istiqamətdə hücum edən 2-ci hərbi hissənin bəzi bölmələrini həmin yüksəklikdə düşmənin əks-hücümünü dəf etmək, oradakı yaralılara ilkin tibbi yardım göstərib onları cəld təxliyyə etmək üçün yönəltdim. Eyni zamanda cəld öz Taktiki Komanda məntəqəmlə həmin istiqamətə hərəkə başladım.
Ora çatmaq üçün Məlikcanlı kəndindən keçib Hadrut–Xankəndi yoluna çıxmalı və oradan Tuğ kəndinə enməliydik.
Məlikcanlı kəndinə çatanda 2-ci hərbi hissə komandiri verilmiş tapşırığın yerinə yetirildiyini, düşmənin tam məhv edildiyini və yaralıların təxliyə olunduğunu məruzə etdi. Tələsməyə səbəb olmadığından Məlikcanlı kəndində qarşımıza çıxan ilk su olan bir evin yanında dayandıq.
Komanda məntəqəsinin avtomobillərinə cəld baxış keçirilməsini və şəxsi heyətin təbii ehtiyaclarını yerinə yetirdikdən sonra davam etməyi əmr etdim. Polkovnik-leytenant Abuşovun rəhbərliyi ilə mühafizə heyəti dərhal dairəvi mühafizə təşkil etdi.
Mən su qabını götürüb yuyunmaq üçün həyətin digər tərəfinə tərəf getdim. Həyətdə çoxlu ağac vardı və baxımsızlıqdan hər yer keçilməz hala gəlmişdi. Yuyunma yerinə üç-dörd addım qalmış atəş səsi ətrafı bürüdü. Əvvəlcə arxa tərəfdən, ardınca avtomobillər olan yerdən çox sayda avtomatik atəş açıldı. Güllələr ətrafımıza səpələnirdi.
Dərhal hamı mövqe tutdu.
Dərhal “basqın” deyə bağırdım. Atəşin gəldiyi yeri hələki tam dəqiqləşdirmək çətin idi. Bir müddət sonra onların qonşu həyətdə yarıuçuq damın altından, yolun qarşı tərəfindəki ağacların arxasından və darvaza tərəfdə olan beton dirəklərin arxasından atəş etdiyini müəyyən etdik.
Təcili düşmənin mövqeyini yandan ötüb arxalarına keçməklə məhv edilməsinə göstəriş verdim. Eyni vaxtda əl qumbaraları atıb atəş basqını edərək mövqelərindən çıxaraq qaçmağa məcbur etdik.
Silahını ataraq təslim olanların öldürülməməsini tapşırdım.
Atəş səsləri səngimişdi. Bir daha bütün yaxın ətrafın diqqətlə yoxlanmasına göstəriş verdim. Yaxınlıqda yeraltı daxmada daha iki düşmən əsgəri aşkar edildi.
Əraziyə baxış zamanı düşmənin 32 nəfərinin məhv edildiyi məlum oldu. Təslim olan 6 nəfər isə əsir götürülmüşdü. Öldürülmüş və əsir götürülənlərin üzərindən silah-sursat, rabitə vasitələri, xəritə və bir neçə qeydlər aşkar edildi. Əllərini bağlayaraq bir yerə topladıq.
Bir sürücümüz şəhid olmuş, iki əsgərimiz isə yaralanmışdı.
Yaralılar ilk tibbi yardım göstərildikdən sonar şəhid əsgərimizlə birlikdə geriyə, Hadrutda olan təxliyyə qruplarına göndərildi.
Mən yuyunub qayıdanadək əsirlərin üst-başlarının yoxlanmasına, sorğu-sual edilməsinə, əldə edilmiş məlumatların qeyd edilərək mənə vermələri barədə göstəriş verdim.
Baş vemiş hadisə barədə komandana məruzə etdim və əsirlər, şəhidimiz və yaralılar barədə məlumat verdim. Su qabını götürəndə güllə dəydiyini gördüm. Güllə dəyən yerə ağacdan qırdığım çubuq taxaraq yenidən su dolduraraq yuyunmağa getdim.
Qayıtdıqda ikisi gənc olmaqla altı nəfər zirehli avtomobilimin yanında əlləri boyunlarının arxasında dizi üstdə çökmüşdülər.
Bunlar Ermənistandan olan, Füzuli istiqamətindən geri çəkilən bölmələrdən birinin şəxsi heyəti idilər. Bizə pusqu ataraq avtomobillərimizi ələ keçirmək istəmişdilər. Lakin xüsusi təyiantlılarla qarşılaşacaqları heç ağıllarınada gəlməmişdi.
Üzərlərindən çıxan hər şeyi qarşılarında yerə qoymuşdular. Gənc olan əsgərin qarşısında bir vərəqdən ibarət məktub var idi.
Gənc əsgərə məktubu kimə yazdığını soruşdum. O rus dilini bilirdi və məktubu valideynlərinə yazdığını dedi.
Mən ona uzanaraq məktubu oxumasını və rus dilinə tərcümə etməsini əmr etdim. O uzandı və oxumağa başladı.
Məktub belə başlayırdı. “ Mamacan,papacan”
Sonra öz xidmətindən, bizim hücumlardan, vəziyyətin yaxşı olmamasından, onların Ermənistandan Qarabağa nahaq gətirdiklərindən, burada yerli ermənilərin onlarla çox pis davrandığından, tezliklə anasına qovuşması üçün anasının ona dua etməsini istədiyindən yazırdı. Məktub bitmişdi və mən onları yenidən dizi üstə çökdürdüm və silahımı çıxardım. Şəhid olmuş əsgərimizə, eləcə də bütün silahdaşlarımıza, başlarına min oyun açlaraq şəhid edilmiş ana və bacılarımıza, ata və qardaşlarımıza rəhmət oxuyaraq bu əclafları onlara qurban vermək istəyirdim.
Birdən “motorolla” xüsusi telefonuma zəng gəldi. Mən əlimi saxlayıb cavab verdim. Komandan idi.
- Əsirləri neynədin? Bir şey etməmisən ki?
- Xeyr, hələki sağdılar.
- Toxunma. Təcili onları geri göndər. Aparıb Hadrutda daxili qoşunlara təhvil versinlər.
- Oldu-deyib erməni əsgərə baxdım.
Gənc əsgər məktubu oxumasaydı bəlkədə onların hamısı ölmüş olacaqlardı. Bir məktub bu əclafları ölümdən qurtarmışdı. Mən kor-peşman onların geriyə təxliyyə edilməsinə, daxili qoşunlara təhvil verilməsinə, onlara bu əsirlərin təyin edilmiş yerə çatdırmaları haqda mənim əmrimi çatdırmalarına göstrəiş verdim.
Taktiki komanda məntəqəsi Tuğ kəndi istiqamətinə doğru hərəkətə başladı — artıq yolumuz Şuşaya idi. Nə qədər çətinliklər və məhrumiyyətlərlə dolu olsa da, nə qədər şəhid və yaralı versək də, o yoldan düşməni söküb atacaqdıq. Çünki bu torpaqlar onlara aid deyildi. Bu torpaqlar tarixən bizim olmuşdu və əbədiyyən də elə olacaqdı.
ARDI VAR...
Bizim.Media