AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.
İnstitutdan Bizim.Media -ya verilən məlumata görə, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunublar.
Müraciətdə qeyd edilib ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının və Haaqa Konvensiyasının tələblərini pozublar.
Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.
Bizim.Media