“Baş verənlər iki adam arasında hansısa bir şəxsi zəmində yaranan münasibətlərdir və bunu tərəflərdən biri şərəfsizlik edib ictimailəşdirir, biz də həmin şərəfsiz adamın əlində vasitəyə çevrilirik”
Bunu Moderator.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət ailədaxili görüntülərin mediada ictimailəşdirilməsinə münasibət bildirərkən deyib. A.Həsrət bildirib ki, bu media qanunlarına ziddir:
“Əslinə qalanda media özü bu cür məsələlərdə həssas davranmalıdır. Xüsusən də özəl həyata aid videoların ictimailəşdirilməsi doğru bir şey deyil. Bu, daban-dabana media etikası ilə ziddir. Jurnalistlər bu cür videolar üzərindən reytinq və izləyici toplamağa cəhd etməməlidirlər. Çünki baş verənlər iki adam arasında hansısa bir şəxsi zəmində baş verən münasibətlərdir. Bunu tərəflərdən biri şərəfsizlik edib ictimailəşdirir və biz də həmin şərəfsiz adamın əlində vasitəyə çevrilirik. Özümüz könüllü şəkildə o adama kömək etmiş oluruq. Təbii ki, bu həm media etikasına, həm də ədəb qaydasına ziddir. Düşünürəm ki, bu cür hallardan çəkinməlidirlər”.
A.Həsrət bildirib ki, Mətbuat Şurası tərəfindən bu məsələlər şikayət olunan zaman araşdırılır:
“Əlbəttə ki, özəl həyata müdaxilə və buna bənzər məsələlər Mətbuat Şurası tərəfindən müzakirə olunur. Mətbuat Şurasının komissiyasına bu cür məsələlərlə bağlı dəfələrlə şikayətlər olunub və həmin şikayətlər əsasında qərarlar çıxarılaraq ictimailəşdirilib və çağırışlar edilib. Bu məsələ ilə bağlı şikayətlər olarsa, o da araşdırılacaq. Şikayət olmasa belə düşünürəm ki, bu məsələ medianın monitorinqi səviyyəsində ayrıca qeyd olunmalıdır, yəni biz o cür adamlara tribuna olmamalıyıq”.xa0
Vasif Əlihüseyn