Qurani-Kərimin rus ədəbiyyatında çox böyük rolu olub. Rus yazıçıları Qurandan bəhrələnərək, bu haqda öz əsərlərində də söz açıblar.xa0
Ümumiyyətlə bu dəfə Moderator.az-ın sizə təqdim etdiyi silsilə yazılarda Rusiyada islam dünyasına və “Qurani-Kərimə” marağın genişlənməsindən, böyük rus şairi A.S.Puşkinin əsərlərində Quran surəsi və ayəsindən istifadəsi barədə və “Peyğəmbər” şeirini təqdim edəcəyik.xa0
Böyük şairin yaradıcılığında Qurani-Kərimin əhəmiyyətini belə bir fakt təsdiq edir ki, Puşkin dilinin lüğətində Quran 17, İncil 13, Tövrat 8 dəfə xatırlanıb. Onu da qeyd edək ki, yeniyetməliyində dövrünün mühitinin dəbinə uyğun olaraq, on səkkizinci əsr fransız maarifçiliyinin, Volterin, epikürçü kübar dairələrin təsirilə dinə etinasız yanaşan Puşkin 1823-1824-cü illərdə mənəvi böhran keçirir, əsərlərində həyatın boşluğu, mənasızlığı, tənhalıq fikirlərini ifadə edirdi. Və şairin 1825-ci ildə “Gizli mağarada...” poetik parçasında göstərdiyi kimi Qurani-Kərimlə tanışlıq onun mənəvi dirçəlişinə, ruhən yeniləşməsinə zəmin yaradır:
Onun sirli gücü
Müqəddəs sözlər yazdı,
Üzərində bilinməz əl.
Nəzər alaq ki, Puşkinin Qurana ümumən dinə marağı dövrün ab-havasına, özünün yeniyetməlik baxışlarına zidd idi və buna görə də şair sanki zamanın və özünün yeniyetməlik ruhu qarşısında bəraət üçün islam dəyərləri yüksək poetikliklə vəsf edilən silsiləyə qeyddə ötəri olaraq Müqəddəs Kitabı “köhnə təmsillər” adlandırırdı.xa0
Məhz Quranla tanışlıqdan sonra Puşkin xristianlıqla da maraqlanmağa başlayır və 1824-cü ilin sonunda qardaşından təkidlə ona “İncil”i göndərməsini xahiş edir. Quranla tanışlıq və silsilə üzərində iş, bir çox tədqiqatçıların göstərdiyi kimi, Puşkinin daxilində ciddi təbəddülata səbəb olmuşdur.xa0
Puşkinin Qurana təqlidlərlə həmahəng olan digər əsəri iki il sonra yazılmış “Peyğəmbər” şeiridir. İncildən İsaya, İeremiy və İezekil peyğəmbərlər haqqında olduğu güman edilən bu şeirdə, bir çox tədqiqatçıların göstərdiyi kimi, Quranın “Fatih”, “Əl-Müdəssir”, “Əl-Ələq”, “Əl-Qədr” surələrindən istifadə olunmuşdur. Bəzi motivlərin Quran və İncil arasında müştərəkliyi də qeyd olunmalıdır. Aşağıdakı bənd bu iki səmavi kitaba şairin yaradıcı münasibətinə, onların bədiixa0 sintezinə maraqlı nümunədir:
Və o köksümü qılıncla yardı,
Və titrək ürəyimi çıxardı,
Və alovlu közü,
Yarılmış köksünə qoydu.xa0
Puşkinin Peyğəmbərin köksünün yarılması, qəlbinə peyğəmbərlik əlaməti olan saf və alovlu köz-ürək qoyulması haqda qələmə aldığı bu obrazlı motiv Qurandan təbdil olunub.xa0
Vasif Əlihüseyn
Mənbə: Asif Hacılının “Quranı-Kərim rus ədəbiyyatında” kitabı.