"Məmləkət insanına təklifiniz nədir? Deyəsən belə getsə sizlərin yanınına gələnlər burda qalanlardan çox olacaq..."
İki banka borcu olduğundan manatın ikinci devalvasiyasının şokunu yaşayan Moderator.az - ın əməkdaşı belə bir bədbin sualla mühacirətdə yaşayan jurnalist Elbəyi Həsənliyə verdiyi suala daha pessimist cavab alıb, daha doğrusu, tanınmış yazar lap baltanı kökündən vurub:
"Hələ bunlar nədir ki. 13 ildir ki, İsveçrədə yaşayıarm. Təbii ki, manatın bahalaşmasının mənə birbaşa dəxli yoxdur. Maaşı İsveçrə frankı ilə alıram. İsveçrə Azərbaycandan xeyli balaca ölkədir. Amma bu ölkənin valyutası dollardan da bahalıdır. Bəzən hətta avronu da üstələyir. Belə olanda ölkə bir-birinə dəyir. İqtisadçılar haray-həşir salırlar ki, frankın avrodan baha olması iqtisadi inkişafa mənfi təsir edəcək. Min bir əziyyətlə, özü də sünni yolla frankı zorla avrodan ucuz edirlər...
Azərbaycan vətəndaşı olaraq manatın iflası məni son dərəcə məyus etdi. Qohum-əqrəbamı, dostlarımı, bütövlükdə xalqımın günün-güzəranın düşündüm. Onsuz da ac olan insanların yalavac olacağı məni sarsıtdı...
Tarix bizə əla şans vermişdi. Yeni müstəqillik qazanmış ölkəyə böyük pul kütləsi daxil oldu. Dünyada bizimlə oxşar vəziyyətdə olmuş ölkələrin təcrübəsini dərindən təhlil etməli və müvafiq qərarlar çıxarmalıydıq. Təəssüf ki, bizim iqtidar mümkün variantların içində pisdən də pisini seçdi. Yəni, ölkədə demokratik əsaslara söykənən idarəçilik formasına qarşı aqressiv münasibət sərgiləndi. Ölkədə hakimiyyətin seçki yolu ilə müəyyən edilməsinin qarşısına Çin səddi çəkildi. Parlament və Bələdiyyə yuxarıdan təyinatla müəyyənləşdi. İqtisadiyyat monopoliya sisteminə keçdi. Nazir-oliqarxlar ölkədə at oynatmağa başladı. Ölkə total şəkildə korrupsiya və rüşvətxorluq bataqlığına atıldı. İş o yerə gəlib çatdı ki, Azərbaycanda bananın satış qiyməti İsveçrə kimi dünyanın ən bahalı ölkəsindən belə baha oldu. Oliqarxlar arasında bölünmüş ticarət sahələri iynədən sapa kimi hər bir şeyi öz ağuşuna aldı. Ona görə də Azərbaycan insanı 200-300 dollar maaş aldı və monopoliya nəticəsində dünyanın ən bahalı ölkəsinə çevrilmiş məmləkətdə yaşadı.
Bir şeyi də deyim. Azərbaycana xarici kapitalın girişi sərt şəkildə məhdudlaşdırıldı. Xarici sərmayədarlara açıq şəkildə deyirdilər ki, gəl, fabrik, zavod aç, ancaq obyektin 50 faizi mənimdir. Bəzən 70 faizə də çıxırdılar. Azərbaycanda o qədər xarici sərmayədarlara torba tikdilər ki...Öz iş adamlarımızın isə başına silahı dirəyib deyirdilər ki, get, 1 milyon gətir. Adamın 200-300 minlik obyektini 20-30 minə satdırırdılar. Bəzən elə olurdu ki, sahibkarın qulağından tutub bayıra atırdılar. Deyirdilər ki, “sənə polojnı deyil”x9d. Bura bu gündən mənim oldu. Belə Allahsızlıqların onlarla nümunəsi var. Məmurların qudurğan balaları xalqa divan tutdu. İndi də bu proses davam edir...
Yəni, gözəl bir şansı əldən verdik. Bundan sonra başımıza nə qədər döysək də xeyri yoxdur. Biz zamanında bu hökumətə dəfələrlə dedik, təkliflərimizi səsləndirdik. Zatən hökumət də, elə cənab prezident də Azərbaycanın hansı istiqamətdə getdiyinin fərqində idi. Məsələ orasındadır ki, onların hesablamasına görə neftin qiyməti qiyamətə qədər 120 dollar olaraq qalacaqdı. Bu qiymətlə xeyli manevr etmək olardı. İndi isə neftin bir bareli 36 dollardır. Daha da düşəcək. Ona görə də əminliklə deyirəm ki, yaxın gələcəkdə heç 10-15 manata bir dollar almaq mümkün olmayacaq. Biz hələ uçurumun dibinə düşüb darmadağın olmamışıq. Sadəcə hələ uçurumun dibinə doğru havada uçuruq. Yalnız yerə dəyəndən sonra vəziyyətin nə qədər dramatik olduğunu görəcəyik...
Soydaşlarıma bir də onu demək istərdim ki, heç bir halda pulunuzu banklarda manatla saxlamayın. Banklardan kredit götürməyi də unudun. Siz bu gedişlə borcunuzu qiyamətə qədər də ödəyə bilməyəcəksiz....
Hökumət dərhal iqtisadi və siyasi islahatlara başlamalıdır. Ancaq bədbəxtlik ondadır ki, bu iqtidar islahatdan yarasa işıqdan qorxan kimi qorxur. Onu öz varlığına təhlükə sayır. Bunların həyat fəlsəfəsi budur: Kimin pulu çoxdursa, o, haqlıdır. Ona görə də xalqı talan edirlər, vəhşi bir ehtirasla soyurlar. Bu tərəfdən də ABŞ Konqresi Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyinin anonsunu verib. Görəcəkli günlər qabaqdadır. Hələ bunlar nədir ki...