Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də bu ölkəyə dövlət səfərinə gəlib.
Daşkənd Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Bizim.Media Özbəkistan prezidentin saytına istinadən xəbər verir ki, səfərin əsas tədbirləri bu gün baş tutacaq.
Mənbə yazır ki, yüksək səviyyədə danışıqlar zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Görüşün yekunu olaraq sənaye, kənd təsərrüfatı, nəqliyyat, energetika, elm və innovasiya, turizm və digər sahələrdə ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Sabah Azərbaycan lideri Xivə şəhərinin tarixi abidələri ilə tanış olacaq.
Bizim.Media





