Macarıstanda keçirilən parlament seçkilərində 16 ildir baş nazir olan Viktor Orbanın rəhbərlik etdiyi “Fides” partiyasının məğlub olması Avropa İttifaqında böyük coşquya və yeni situasiyanın yaranmasına səbəb olub. Belə ki, Orbanın hakimiyyətdən getməsi Aİ-yə daha ciddi maneələrə rast gəlmədən öz ənənəvi siyasətini həyata keçirməyə imkan verəcək.
Bu fonda Aİ-nin cari il üçün Ukraynaya yardımla bağlı nəzərdə tutduğu 90 milyard avroluq vəsaitin də yolu açılır. Hansı ki, Orban həmin yardımın verilməsinə veto qoymuşdu.
MÖVZU İLƏ BAĞLI:
Hakimiyyətdən müxalifətə, sonra yenidən İQTİDARA... – Macarıstanın yeni lideri Peter Madyarın DOSYESİ
Macarıstanda hakimiyyət dəyişikliyi və Peter Madyarın rəhbərlik etdiyi Tisza partiyasının iqtidara gəlişilə aydın məsələdir ki, Kiyev tezliklə 90 milyard avroluq yardımı ala biləcək.
Bu vəziyyətdə müharibənin gedişatında dönüş yaşanacaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə 90 milyard avroluq yardımın müharibənin gedişini dəyişəcəyini zənn etmir:
“Münaqişələri pul həll etmir. Müharibələrin taleyində pul heç də həlledici rol oynamır. Həlledici sözü silah, hərbi texnika oynayır. Rusiya indiyə qədər Ukrayna ərazisinin 20 faizini işğal edib. Böyük itkilər hesabına olsa da, tədricən irəliləyir. Ukrayna tərəfi də qəhrəmancasına müdafiə olunur. Amma bununla belə, hələlik hər hansı bir tərəfin prosesdən tam qələbə ilə çıxacağı da gözlənilmir”.
Ekspert qeyd edir ki, qüvvələr nisbəti Rusiyanın xeyrinə olaraq qalmaqdadır:
“Vəziyyət gərgindir. 90 milyardlıq yardım qüvvələr nisbətində ciddi dəyişikliyə gətirib çıxarmayacaq. ABŞ Ukraynaya dəstək verməkdən geri çəkilib. Avropa isə qətiyyətsizlik göstərməkdə davam edir. Bu mənada Ukraynaya veriləcək 90 milyard avro yardımın önü açılsa da, müharibənin gedişatında Kiyevin xeyrinə dönüşün yaranacağını gözləmirəm. Amma prosesə digər amillər də təsir göstərir. Bu mənada müharibənin müqəddaratının necə olacağını indidən demək çətindir”.
Politoloqun fikrincə, Macarıstandakı mövqelərinin itirilməsi fonunda belə Rusiya Avropaya həmlə etmək imkanında deyil:
“Vaxtilə Moskva qaz və neft satışından istifadə edərək, Avropaya bu və ya digər dərəcədə təsir edə bilirdi. İndi isə Rusiya bu imkandan da məhrum edilib. İndi əksinə Rusiya Avropadan asılıdır. Orbanın məğlubiyyəti də Avropa İttifaqının siyasi mövqeyini möhkəmləndirəcək. Amma bu amilin müharibənin gedişinə heç bir təsiri olmayacaq”.
Rüfət Sultan, Bizim.Media