Bir aydan çoxdur ki, ABŞ və İsrail İrana zərbələr endirir, İran da öz növbəsində Yaxın Şərqdəki İsrail və Amerika hədəflərinə hücumlarla buna cavab verir.
Beləcə, fevralın 28-dən bu yana həm ABŞ, həm İsrail, həm də ki, İran itirə-itirə gedir. Ötən müddət ərzində hansı tərəfin daha üstün mövqe qazandığını söyləmək çox çətindir.
Bəs, rəqəmlər nə deyir?
Pentaqonun hesabatındakı metodologiyadan istifadə edərək real vaxt rejimində xərcləri izləyən “Iran War Cost Tracker” veb saytının məlumatlarına görə, ABŞ İrana qarşı bir ay davam edən hərbi əməliyyatda martın 22-dək 27 milyard dollardan çox pul xərcləyib. Bu metodologiyaya görə, münaqişənin ilk altı günü 11,3 milyard dollara, sonrakı hər gün isə əlavə 1 milyard dollara başa gəlib.
Müqayisə üçün deyək ki, ABŞ qısa zamanda 2003-cü ildə İraqa hücumun əvvəlindəkindən daha çox pul xərcləyib. Hazırda kampaniyanı davam etdirmək üçün Müdafiə Nazirliyi 200 milyard dollar tələb edib ki, bu da Corc Buş administrasiyasının 23 il əvvəl tələb etdiyindən 67 milyard dollar çoxdur.
Amerikalı analitiklərin fikrincə, ABŞ-ın hərbi xərcləri gündə təxminən 0,9-1 milyard dollardır. Təkcə müharibənin ilk 100 saatı ABŞ-a təxminən 3,7 milyard dollara başa gəlib. Münaqişə bir neçə həftə davam edərsə, təkcə ABŞ-ın birbaşa hərbi xərcləri təxminən 40-95 milyard dollara (ən çox yayılmış təxmin 65 milyard dollardır) çata bilər və dolayı iqtisadi itkilər nəzərə alınmaqla, xüsusən də müharibə bir neçə ay davam edərsə, ümumi zərər 150-200 milyard dollardan çox ola bilər.
İsrail iqtisadiyyatı üzərində böyük basqı
"The Wall Street Journal" qəzetinin hesabatına görə bu müharibə İsrail iqtisadiyyatına gündə yüz milyonlarla dollara başa gəlir.
Ən böyük xərc İran raketlərinin ələ keçirilməsidir. Ekspertlər bunun gündə təxminən 200 milyon dollara başa gəldiyi qənaətindədirlər. Sursat və təyyarələr də müharibənin xərcini artırır. Raketləri, dronları və təyyarələri vura bilən "David's Sling" sistemi iki ələ keçiricidən istifadə etməklə təxminən 700.000 dollara başa gəlir ki, bu da adətən tək bir buraxılış üçün minimum rəqəmdir.
Ballistik raketlərə qarşı istifadə edilən digər sistemlər, "Arrow 2" və "Arrow 3", buraxılış üçün 3-4 milyon dollara başa gəlir.
İsrail həmçinin F-35 kimi tək bir hərbi təyyarəyə uçuş saatına təxminən 10.000 dollar xərcləyir.
İranın itkiləri
İrana gəldikdə isə açıq mənbələrdə hər hansı bir rəqəmə rast gəlinmir. Yalnız o məlumdur ki, İran 2023-cü ildəki ümumi illik hərbi xərcləri təxminən 10,3 milyard dollar olub. Lakin nəzərə almaq lazımdır ki, İranın birbaşa hərbi xərcləri ABŞ-ın xərcləri ilə müqayisədə dollar baxımından xeyli aşağıdır, baxmayaraq ki, İranın daha kiçik iqtisadiyyatı və valyuta ehtiyatları ilə müqayisədə olduqca yüksəkdir.
Müharibənin adambaşına düşən xərclərini hesablamağa çalışsaq, ABŞ-da (əhalisi 347 milyon), müxtəlif hesablamalara görə, bu rəqəm adambaşına gündə 2,6 dollardan 5,8 dollara qədər dəyişir. İranda (əhalisi 92 milyondan çox) xərc adambaşına gündə təxminən 1,1-2,2 dollar təşkil edir.
Lakin ümumilikdə müharibə İran üçün ABŞ-dan daha ağır bir yükdür, baxmayaraq ki, mütləq məbləğ baxımdan Amerika daha çox xərcləyir. Üstəlik, İranın ən vacib və bahalı infrastrukturu məhv edilir. Bu itkiləri nəzərə alsaq, son bir ayda İran iqtisadiyyatına dəyən zərər on milyardlarla dollar təşkil edir.
Neft obyektlərinə, infrastruktura və müharibə ilə əlaqəli müxtəlif əməliyyatlara dəyən ziyan da daxil olmaqla, ildə 30-50 milyard dollarlıq dolayı xərcləri də nəzərə alsaq, müharibənin İrana dəyəri ÜDM-in 9-15%-nə çata bilər ki, bu da mülki, xüsusən də sosial xərclərə ciddi şəkildə təsir edəcək və inflyasiyanı artıracaq.
Lakin mövcud təhlükələr fonunda xərclər faktiki olaraq əhəmiyyətsizdir.
İqtisadiyyat və əhali üçün "hesabı ödəmək" müharibə bitdikdən sonra başlayır.
Yalnız itkilərlə müşahidə olunan bu mühribənin nə qədər dava edəcəyini söyləmək çətindir. Müharibə bu gün də, bir il sonra da dayana bilər. Çünki bu müharibədə nə ABŞ-ın, nə İsrailin, nə də ki, İranın konkret məqsədi və strategiyası görünmür.
Surxay Atakişiyev, Bizim.Media