Yaxın Şərqdə gərginliyin artması fonunda Azərbaycan Avropa İttifaqının (Aİ) getdikcə daha vacib strateji tərəfdaşına çevrilir.
Bizim.Media xəbər verir ki, bu fikilər "Euronews" telekanalının saytında yerləşdirilmiş analitik məqalədə yer alıb.
"Son illərdə Azərbaycan və Aİ arasında münasibətlər dinamik inkişaf mərhələsinə qədəm qoyub və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi sahələri getdikcə daha çox strateji xarakter alır. İnvestisiyaların artırılması, texnoloji nailiyyətlərin mübadiləsi və viza rejiminin sadələşdirilməsi bu əlaqələri daha da möhkəmləndirə bilər", - materialda bildirilib.
Qeyd olunub ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11–12 mart 2026-cı il tarixlərində Azərbaycana səfərini ikitərəfli münasibətlərdə mühüm mərhələ hesab etmək olar. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Koşta ilə görüşü baş tutub.
Liderlərin birgə bəyanatları iqtisadiyyat, enerji, nəqliyyat sahələrində, təhlükəsizlik sferasında və digər əsas istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üzrə ümumi niyyətdən xəbər verir.
Məqalədən aydın olur ki, Avropa İttifaqı Yaxın Şərqdə sürətlə dəyişən vəziyyət fonunda Azərbaycanı xüsusilə enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından strateji cəhətdən mühüm tərəfdaş hesab edir.
"2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu Avropa bazarına Azərbaycan qazının tədarükünün artırılmasını nəzərdə tutur. Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. 2025-ci ildə Azərbaycan Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə təxminən 60% artırıb və bu həcm 13 milyard kubmetr təşkil edib", - məqalədə bildirilib.
Vurğulanıb ki, son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini xeyli artırıb.
"Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən geostrateji mövqeyi və proqnozlaşdırıla bilən sabit siyasəti ölkəni Aİ üçün əvəzolunmaz tərəfdaşa çevirir. Perspektivdə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki tərəfə əhəmiyyətli dividendlər vəd edən geniş imkanlar mövcuddur", - məqalənin müəllifi yazıb.
Regionda artan təhlükəsizlik riskləri fonunda Aİ Şurası Prezidentinin Bakıya səfəri birlik tərəfindən siyasi dəstəyin təzahürü kimi də şərh edilə bilər.
"Azərbaycan regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən dövlət kimi qəbul edilir", - yazıda vurğulanıb.
Qeyd olunub ki, Bakıda keçirilən görüşlər zamanı Koşta Cənubi Qafqazda möhkəm sülh və sabitliyin Aİ-nin strateji maraqlarına cavab verdiyini deyib. Buna görə də Azərbaycan-Aİ əməkdaşlığı ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxır və regional sabitliyə töhfə verir, – məqalə müəllifi yekunlaşdırıb.

Bizim.Media