23 mart tarixində Braziliyanın xarici işlər naziri Mauro Vieyra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Nazirlər Azərbaycan-Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti və əməkdaşlığın genişləndirilməsi imkanlarını, iqlim gündəliyi üzrə əməkdaşlıq, həmçinin COP29 və COP30 çərçivəsində birgə koordinasiya məsələlərini nəzərdən keçiriblər.
Hər iki tərəf Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar və münaqişələrin beynəlxalq hüquq prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyətini qeyd ediblər.
Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib və mövcud təhlükəsizlik vəziyyətində vətəndaşlarının və diplomatların İrandan təxliyəsi istiqamətində göstərilmiş dəstəyə görə minnətdarlığını bildirib.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media