Ermənistan nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu modern.az-a açıqlamasında "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündə iştirak etmiş Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib.
“Növbəti görüşün olmasını istəyirik. Amma indiki qeyri-müəyyən vəziyyəti nəzərə aldıqda, konkret bir şey demək çətindir. Məsələyə Novruz bayramından sonra aydınlıq gələcək. Növbə Ermənistan tərəfindədir. Yəni erməni nümayəndə heyətinin Azərbaycana gəlişi baş tutmalıdır. Səfərin harada və nə vaxt baş tutacağı barədə əlavə detal verə bilmirəm”,- deyə Rusif Hüseynov qeyd edib.
R.Hüseynov əlavə edib ki, Ermənistana səfər zamanı əldə olunmuş razılaşmalar icra olunur.
“Bu yaxınlarda hər iki qrupun koordinatorları - Fərhad Məmmədovla Arek Koçinyanın həmmüəllifliyi ilə məqalə dərc olunub".
Xatırladaq ki, sonuncu dəfə 13-14 fevral tarixlərində "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub. Bu dəfə təşəbbüsün hər iki tərəfdən ümumilikdə 39 nəfər görüşə qatılıb.
Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədini keçərək Ermənistana daxil olub. Sərhəd keçidi sərhəd və gömrük nəzarəti prosedurlarına uyğun həyata keçirilib, həmçinin mövcud COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb.
Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və mehmanxanaya yerləşmə, 4 diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.
Bizim.Media