ABŞ Prezidenti Donald Trampın bütün ölkələrdən idxal edilən mallara 10% rüsumun tətbiqi fərmanı mübahisələrə yol açdı. Fevralın 24-də qüvvəyə minməli olan qərara Ali Məhkəmə sərt reaksiya verib. ABŞ Konstitusiyasına görə vergilərin və rüsumların müəyyən edilməsi səlahiyyəti Konqresə məxsusdur.
Amma qərardan sonra Tramp bildirib ki, bu hökm onu dayandırmayacaq və qanunvericiliyə əsasən rüsum qərarı 150 gün müddətində tətbiq oluna bilər.
İstənilən halda tətbiq icra olunduqda qlobal bazarlarda qiymət dəyişikliyi olacaqmı? Bu addım dolların məzənnəsinə necə təsir edəcək?
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, Trampın son bir il ərzində tez-tez dəyişən rüsum qərarları bazarlara və qlobal iqtisadiyyata öz təsirini göstərib:
“Hazırda bilinmir bu qərarın sonu nə olacaq. Baş verənlər ABŞ-nin dünyadakı siyasi-iqtisadi nüfuzuna xeyli xələl gətirir. Bu fonda da dollar gözlənildiyinin əksinə olaraq ucuzlaşır. Son bir ildə dollar dünya üzrə 10 faiz ucuzlaşıb”.
Ekspert deyir ki, Trampın rüsum qərarı həyata keçərsə, ABŞ-nin ticarət tərəfdaşları anoloji addım ata bilərlər, hətta artıq hərəkətə keçiblər. Donald Tramp onsuz da son bir ildə müxtəlif rüsumlar tətbiq edib və bunun qarşılığını görüb. Amma bundan sonra həmin ölkələr bunu inamla edəcəklər. Çünki bilirlər ki, Amerikada artıq vahid yanaşma yoxdur.
Bəs qlobal ticarət səviyyəsində bu qarşıdurma Azərbaycan bazarına necə təsir edə bilər?
Ə.Həsənov vurğuladı ki, Azərbaycana bunun elə bir ciddi təsiri olmayacaq. Çünki Azərbaycanın ABŞ ilə böyük həcmli idxal-ixrac dövriyyəsi yoxdur. Amma qlobal ticarət savaşı daxili bazarda qiymət artımına gətirib çıxarda bilər.
Şəfiqə Şəfa, Bizim.Media