Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin daha bir göstəricisidir. Bu, Azərbaycanın regional təhlükəsizlik, sülh, enerji sabitliyi və nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi istiqamətində oynadığı rolun beynəlxalq səviyyədə qəbul edilməsi və hörmət edilməsidir. Xüsusilə Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir dövrdə Azərbaycanın mövqeyi regional çərçivəni aşaraq qlobal müzakirə platformalarında diqqətlə izlənilir.
Azərbaycan uzun illərdir ki, balanslaşdırılmış xarici siyasət kursu yürüdür.
Bu siyasət bir tərəfdən milli maraqları qorumağa, digər tərəfdən isə əməkdaşlığın təşviqinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm Qoşulmama Hərəkatına sədrliyi dövründə, həm də müxtəlif beynəlxalq təşəbbüslər çərçivəsində dialoq və qarşılıqlı hörmət prinsipini önə çəkib.
Bu baxımdan Sülh Şurasında iştirak Azərbaycanın təşəbbüskar və məsuliyyətli aktor kimi qəbul olunmasının aydın təzahürüdür.
Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün konkret təşəbbüslərlə çıxış edir, kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və humanitar əlaqələrin bərpası istiqamətində addımlar atır. Bu, sülhün real layihələr və əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsinin vacibliyini göstərir.
Prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə vurğulandığı kimi, beynəlxalq hüququn aliliyi və dövlətlərin ərazi bütövlüyünə hörmət qlobal təhlükəsizliyin əsas dayaqlarıdır. Azərbaycanın öz təcrübəsi göstərir ki, ədalətli və prinsipial mövqe uzunmüddətli sabitlik üçün əsas şərtdir.
Bununla yanaşı, Azərbaycan mədəniyyətlərarası dialoq və multikulturalizm sahəsində də beynəlxalq təşəbbüslərlə çıxış edir.
Fərqli din və mədəniyyətlərin nümayəndələrinin dinc birgə yaşayışı ölkəmizin sosial modelinin əsas xüsusiyyətlərindəndir. Bu təcrübə beynəlxalq platformalarda sülh və qarşılıqlı anlaşmanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Sülh Şurasında iştirakı Azərbaycanın qlobal gündəlikdə fəal və konstruktiv aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirir. Bu iştirak həm də Azərbaycanın beynəlxalq məsuliyyətini və qlobal təhlükəsizlik məsələlərinə verdiyi önəmi əyani şəkildə sərgiləmiş olur.
Ülviyyə Zülfiqar, siyasi şərhçi