Bu gün qlobal sistemdə güc anlayışı sürətlə transformasiya olunur. Əgər XX əsrdə dövlətlərin qüdrəti əsasən təbii resurslar, sənaye istehsalı və hərbi potensialla ölçülürdüsə, XXI əsrdə rəqabətin əsas parametrləri süni intellekt, onun idarə olunması, rəqəmsal infrastrukturun dayanıqlığı və innovasiya ekosisteminin dərinliyidir.
Bu reallıq fonunda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə təkcə texnoloji gündəm yox, strateji inkişaf modeli baxımından qiymətləndirilməlidir.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək vurğulayıb: “Rəqəmsal inkişaf ölkəmizin gələcəyi üçün həlledicidir və bu sahəni prioritet istiqamət kimi müəyyənləşdirmişik".
Əlbəttə ki, Prezidentin çıxışında diqqət çəkən əsas məqam rəqəmsallaşmanın texniki modernləşmə çərçivəsindən çıxarılaraq, milli inkişaf strategiyasının mərkəzinə yerləşdirilməsidir. Bu yanaşma onu göstərir ki, məsələ ayrı-ayrı platformaların yaradılması və ya xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır. Söhbət idarəetmə fəlsəfəsinin, qərar qəbuletmə mexanizmlərinin və iqtisadi strukturun yenidən qurulmasından gedir.
Dünyada süni intellekt və data mərkəzləri ətrafında formalaşan yeni iqtisadiyyat dəyər zəncirini dəyişir.
Ənənəvi resurs üstünlüyü getdikcə məlumat üstünlüyü ilə əvəzlənir. Azərbaycan kimi enerji ixracatçısı olan ölkə üçün bu transformasiya ikiqat əhəmiyyət daşıyır. Yəni bir tərəfdən mövcud resurs potensialı qorunur, digər tərəfdən isə post-neft mərhələsi üçün dayanıqlı model formalaşdırılır. Rəqəmsal iqtisadiyyatın görünməyən, lakin əsas dayağı enerji təminatıdır. Böyük data mərkəzləri və süni intellekt infrastrukturu yüksək və sabit enerji gücü tələb edir.
Dövlətimizin başçısının müşavirədə toxunduğu mövzulardan biri də Azərbaycanın enerji generasiya gücü ilə bağlı idi. Son 20 ildə ölkəmizin enerji generasiya gücü təxminən iki dəfə artaraq, 10 min meqavata çatıb, hazırda isə ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü mövcuddur ki, bu da iri data mərkəzləri üçün strateji üstünlükdür. Bununla yanaşı, bərpaolunan enerji layihələrinin genişlənməsi ölkəyə “yaşıl data mərkəzi” modeli qurmaq imkanı verir.
Bununla yanaşı, müşavirədə o da qeyd edildi ki, nəqliyyat və energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərə çevrilməli, mövcud infrastruktur rəqəmsal məlumat axınlarının daşınması üçün modernləşdirilməlidir. Əlbəttə, qlobal şirkətlər üçün karbon izi və enerji dayanıqlığı artıq əsas seçim meyarına çevrilib.
Azərbaycan bu tendensiyanı düzgün dəyərləndirərsə, regionda ekoloji baxımdan dayanıqlı rəqəmsal hab rolunu üzərinə götürə bilər.
Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində mövqeyi indiyə qədər əsasən logistika və enerji tranziti kontekstində qiymətləndirilirdi. Yeni mərhələdə isə bu dəhlizlərin fiber-optik magistrallarla inteqrasiyası ölkəni məlumat axınlarının tranzit mərkəzinə çevirə bilər. Bu, sadəcə texniki məsələyə yox, məlumatın ötürülmə marşrutları geosiyasi təsir alətinə çevrilir. Rəqəmsal bağlantıların şaxələndirilməsi Azərbaycanın regional təhlükəsizlik və iqtisadi sabitlik arxitekturasında rolunu gücləndirə bilər.
Dövlətimizin başçısı müşavirədə, həmçinin rəqəmsal inkişafa toxunaraq əlavə etdi ki, bu yanaşma geosiyasi balans üzərində qurulmalıdır və bu üstünlüklərdən istifadə etməmək qəbuledilməzdir. Geosiyasi balans və texnoloji tərəfdaşlıq Azərbaycanın ABŞ, Avropa və Çinlə paralel strateji tərəfdaşlıq mexanizmlərinə malik olması texnologiya transferi və investisiya cəlbi baxımından unikal vəziyyət yaradır.
Rəqəmsal sektor artıq geosiyasi rəqabətin əsas meydanıdır və texnoloji bloklaşmaların dərinləşdiyi bir dövrdə balanslaşdırılmış siyasət ciddi üstünlükdür. Lakin burada incə məqam ondan ibarətdir ki, texnologiya sahəsində əməkdaşlıq yalnız kapital axını deyil, həm də bilik və standartların inteqrasiyası deməkdir. Azərbaycanın əsas çağırışı bu əməkdaşlıqları daxili innovasiya ekosisteminin formalaşmasına yönəltməkdir. Əks halda, ölkə yalnız infrastruktur platforması rolunda qala bilər.
Müşavirədə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, vahid platforma (“mygov”) üzərindən xidmətlərin təqdim olunması və məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar institusional islahatın başlanğıc mərhələsini göstərir. Rəqəmsallaşma prosesində əsas risk pərakəndəlik və paralel sistemlərin formalaşmasıdır.
Vahid arxitektura yanaşması isə resursların optimallaşdırılmasına, məlumat təhlükəsizliyinin gücləndirilməsinə və vətəndaş məmnuniyyətinin artmasına xidmət edir. Bu, rəqəmsal dövlət modelinin əsas elementidir. Texnoloji infrastrukturun qurulması kifayət deyil. Onu idarə edəcək kadr bazası formalaşdırılmalıdır.
Təhsil sistemində texnoloji ixtisasların gücləndirilməsi və süni intellektin dövlət idarəçiliyində tətbiqi ilə bağlı çağırışlar uzunmüddətli strateji baxışı əks etdirir.
Süni intellektin qərar qəbuletmə prosesinə inteqrasiyası şəffaflıq və effektivlik baxımından mühüm addım ola bilər. Lakin burada etik çərçivə, məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri paralel şəkildə tənzimlənməlidir. Ötən il baş vermiş kiberhücum faktı göstərir ki, rəqəmsallaşma ilə yanaşı risklər də artır və müdafiə mexanizmləri daim təkmilləşdirilməlidir.
Sözsüz ki, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin inkişaf fəlsəfəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Enerji potensialı, coğrafi mövqe, beynəlxalq tərəfdaşlıqlar və institusional islahatlar arasında sinerji yaradılarsa, Azərbaycan regionun rəqəmsal mərkəzinə çevrilə bilər. Lakin əsas məsələ icra mexanizmlərinin effektivliyi və insan kapitalına sistemli investisiyadır. Rəqəmsal transformasiya yalnız texnoloji yenilik deyil, eyni zamanda, iqtisadi modelin şaxələndirilməsi, idarəetmə mədəniyyətinin yenilənməsi və qlobal rəqabətə adaptasiya prosesidir.
Prezident müşavirədə onu da qeyd edərək bildirib ki, rəqəmsallaşma və süni intellekt təşəbbüsləri ölkənin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının əsas prioritetləri sırasına daxil edilməlidir.
Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycan bu fürsəti düzgün dəyərləndirərsə, növbəti onilliklərdə enerji ixracatçısından rəqəmsal innovasiya platformasına çevrilə bilər. Bu isə ölkənin qlobal sistemdə rolunu yalnız qorumaq deyil, onu yeni keyfiyyət mərhələsinə yüksəltmək deməkdir.
Əlibala Məmmədzadə, Milli Məclisin deputatı