Bakıda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə imzaladığı Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası tərəflərin, münasibətləri institusional çərçivəyə keçirdiyini göstərir.
Xartiyanın mətnində tərəflərin bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstəyini yenidən təsdiqləməsi bu mərhələnin baza sütunudur.
Prezident İlham Əliyev Azərbaycanın bu gün təbii qaz resursları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verdiyini, onların 11-nin NATO üzvü olduğunu xatırladaraq, ölkəmizin Qərbin təhlükəsizlik strategiyası üçün dəyərini qabardır və bu dəyərin ABŞ-la yeni mərhələdə institusionallaşdığı mesajını verir.
Xartiyanın mətnində də diqqətçəkən məqamlardan biri odur ki, tərəfdaşlığın artıq regional bağlantılarla daha da güclənməsi (Orta Dəhliz/Transxəzər), enerji və data bağlantısı, ticarət–tranzit asanlaşdırılması, eləcə də “TRIPP” layihəsi ayrıca qeyd edilir.
Prezident İlham Əliyev TRIPP-in təkcə Azərbaycanın iki hissəsini birləşdirdiyini deyil, həm də Asiya-Avropa xəttində etibarlı, təhlükəsiz və genişmiqyaslı nəqliyyat koridoru olacağını bildirir və bunu regionda sülh gündəliyini möhkəmləndirən amil kimi qeyd edir.
Eyni çıxışda müdafiə satışlarının gündəliyə daxil edilməsi və AI data mərkəzləri üzrə ilkin təmasların qeyd edilməsi Rəsmi Bakının bu razılaşmanı qarşılıqlı texnoloji imkanlar kimi də gördüyünü göstərir.
Vensin mesajı isə iki xətt üzərində qurulub: birincisi, tərəfdaşlığın dayanıqlı olacağına dair siyasi təminat - o, strateji tərəfdaşlığın ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirərək uzunömürlü edəcəyini bildirir.
İkincisi, təhlükəsizlik məsələlərinin genişləndirilməsi - Vens Azərbaycanın ərazi sularının mühafizəsi üçün yeni qayıqların göndəriləcəyini deyir. Bu detal, Xəzər və ümumən dəniz təhlükəsizliyinin gündəmə daşındığını göstərən siqnaldır.
Xartiyanın mətninə baxdıqda, tərəfdaşlığın institusional mexanizmi də aydın görünür: əməkdaşlıq istiqamətləri üzrə işçi qruplarının yaradılması, üç ay ərzində layihələr və yol xəritələrinin müəyyən edilməsi, illik əsasda mütəmadi görüş mexanizmi nəzərdə tutulur.
Eyni zamanda sənəddə humanitar minatəmizləmə, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması, eləcə də mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi bəndlərin yer alması münasibətlərin uzun müddətli strateji planlamaya kökləndiyini göstərir.
Ülviyyə Zülfiqar, siyasi şərhçi