Yanvarın 23-də Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında baş tutan görüşdən sonra Ukrayna müharibəsi davam etsə də, əvvəlki intensivlik o qədər də hiss olunmur. Rusiya tərəfi hətta Ukraynadakı kritik infrastrukturlara zərbə endirməyi də bir neçə gün dayandırdı. Kiyevin də Rusiyanın enerji və hərbi obyektlərinə dron hücumları nisbətən səngiyib.
Nüvə təhdidindən sülh mesajına...
Belə bir vəziyyətdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev maraqlı açıqlama ilə gündəmə gəlib. O, bəyan edib ki, xüsusi hərbi əməliyyat (SVO) çərçivəsində əldə etdikləri hərbi üstünlük artıq Rusiyanın qələbəsinə imkan yaradır. Onun sözlərinə görə, mövcud vəziyyət baş verən proseslərdən konkret nəticələr çıxarmağa imkan verir.
Hər zaman müharibə ritorikası, nüvə təhdidləri ilə danışan Medvedevin dilindən bu cür açıqlamanın verilməsi isə daha çox təəccüblə qarşılanıb. Xüsusilə də, davam edən danışıqlar fonunda qələbə bəyanatının verilməsi Rusiyanın müharibəni dayandırmaq üçün zəmin hazırlamaq məqsədi kimi xarakterizə oluna bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Medvedevin açıqlaması Rusiyanın onu qane edən sülh sazişini imzalamağa hazırlaşdığına işarə sayıla bilər:
“Məlumdur ki, Trampla Putinin Alyaskadakı görüşündə müəyyən razılaşmalar əldə olunub. Bu da Rusiya tərəfindən tez-tez “Ankoric formulu” şəklində təqdim olunur. Razılaşmaya əsasən, Rusiya Xerson və Zaporejye vilayətlərini inzibati sərhədlər daxilində ələ keçirməkdən imtina edib, mövcud təmas xəttində dayanmağa razılıq verir. Ukraynadan isə Donbasda nəzarətində qalan ərazilərin təhvil verilməsi tələb olunur”.
“Zaman Ukraynanın ziyanına işləyir”
Ekspert qeyd edir ki, Zelenskinin mövqeləri zəifdir və günü-gündən bu özünü daha qabarıq şəkildə göstərir:
“Zelenski hələ də bunu qəbul etməyib. Ancaq üçtərəfli danışıqlarda Vaşinqtonla Moskva eyni mövqedən çıxış edərsə, yəqin ki, Zelenskinin onlara müqavimət göstərməsi artıq mümkün olmayacaq. Üstəlik Rusiya cəbhədə irəliləməkdə davam edir. Bu ilin yanvarında 400-500 kv.km-lik bir ərazini işğal edib. Belədə, Ukrayna ərazi mübadiləsinə getməsə, həmin ərazilər onsuz da itkilər hesabına, 1-2 ilə işğal olunacaq. Əvəzində, Ukrayna ona vəd olunan və Rusiyanın işğal etdiyi əraziləri ala bilməyəcək. Danışıqların gedişində ABŞ tez-tez bu arqumentdən istifadə edir.
Zelenskinin mövqeyini zəiflədən digər mühüm arqument onun özü və ətrafının korrupsiya cinayətlərində iştirakı məsələsidir. Hələlik, bu faktları mətbuata ötürmürlər. Ancaq Zelenski tələbləri qəbul etməsə, yəqin ki, mətbuatda ona qarşı da böyük bir korrupsiya qalmaqalı qaldırılacaq. Bu səbəbdən, Zelenski də anlayır ki, təklif olunan sülh sazişini qəbul etməkdən başqa çarəsi yoxdur”.
Müsahibimizin fikrincə, Medvedevin gəldiyi bu qənaət zamanın Ukraynanın əleyhinə işləməsindən qaynaqlanır:
“Medvedev verdiyi açıqlamada böyük ehtimalla məhz bunu nəzərdə tutub. Ona görə də indidən bəyan edir ki, xüsusi hərbi əməliyyatın qarşıya qoyduğu məqsədlər artıq reallaşıb və Rusiya qalib gəlib. Çox təəssüf ki, o haqlıdır”.
Rüfət Sultan, Bizim.Media