Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderi qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxunub. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb.
Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib.
Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.
Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.
Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes əlaqələrinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsenti qəbul edib.
Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycana səfir təyin edilməsindən şərəf hissi duyduğunu deyən Salli-Ann Vinsent bir müddət əvvəl ölkəmizdə olduğunu məmnunluqla xatırlayıb, əlaqələrimizin genişləndirilməsi üçün səylə çalıcağını qeyd edib.
Səfir bir neçə gün əvvəl Avstraliyanın milli bayramı münasibətilə dövlətimizin başçısının Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə göndərdiyi məktuba görə minnətdarlığını ifadə edib.
COP29 çərçivəsində Azərbaycanla Avstraliya arasında qurulmuş əməkdaşlıqdan danışan səfir bu tədbirdə ölkəsinin böyük nümayəndə heyəti ilə təmsil olunduğunu xatırlayıb. O, həmçinin Avstraliya və Türkiyənin COP31 tədbirini keçirməsi məsələsinə toxunaraq, bu xüsusda Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirildiyini bildirib.
Salli-Ann Vinsent bu il Azərbaycanın BMT-nin ən mötəbər tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini vurğulayaraq, Avstraliyanın bu tədbirdə də geniş nümayəndə heyəti ilə təmsil olunacağını deyib.
Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulanıb. Gələn il diplomatik münasibətlərimizin 35-ci ildönümünün qeyd ediləcəyi bildirilib.









Bizim.Media