Azərbaycan elə coğrafi mövqedə yerləşir ki, qlobal güclərin maraqları bu regionda toqquşur. Şimal-Cənub və Qərb-Şərq dəhlizlərində körpü rolu oynayan Cənubi Qafqaz regionu həm də barışmaz ziddiyyətlərlə qarşı-qarşıya dayanan ölkələrlə həmsərhəddir.
Bu gün istər Rusiyaya, istərsə də İrana münasibət beynəlxalq aləmdə birmənalı deyil. Ən maraqlısı da odur ki, Rusiya və İranın da Cənubi Qafqaza, xüsusən də Azərbaycana yanaşması fərqlidir.
MÖVZU İLƏ BAĞLI:
Məhz bu təzadlı və kəskin maraqlar uzun illər Azərbaycanı çətin sınaqlar qarşısında qoyub. Hətta müstəqilliyimizin ilk illərində regionda və ölkəmiz üzərində toqquşan qlobal maraqların düzgün hesablanmaması və zəruri adekvat addımların atılmaması Azərbaycanı “olum və ya ölüm” dilemması ilə üz-üzə qoydu.
Yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan bu dilemmadan qurtuldu. Balanslaşdırılmış xarici siyasət ölkəmizə qarşı aqressiyanı bir qədər azaltdı.
Amma region üzərindəki qlobal maraqlar hər zaman varlığını qoruyur...
Torpaqlarımızın 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasında da ən böyük faktor həmin xarici maraqlar idi. Çünki böyük güclər bir yana, hətta İran kimi dövlətlər də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edərək Ermənistanı açıq şəkildə müdafiə edirdi.
Təbii ki, ərazilərimizin 20 faizinin işğal altında olması, bir milyondan artıq insanın dədə-baba yurdundan didərgin düşməsi ölkəmizi çətin vəziyyətə salmışdı. Baxmayaraq ki, neft gəlirlərindən səmərəli istifadə ölkə iqtisadiyyatını xeyli dirçəltmişdi, lakin işğal faktoru beynəlxalq miqyasda Azərbaycana müəyyən problemlər yaradırdı.
“Biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır”
Tovuz döyüşlərindən cəmi 9 gün sonra - 2020-ci ilin iyul ayının 21-də Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində tarixə yazılan fikirlər səsləndirdi.
Dövlət başçısı bildirdi ki, 50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib:
“Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm...
Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.
Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq".
İlham Əliyev regionda geosiyasi reallığı necə dəyişdirdi?
Bu tarixi çıxışdan 2 ay sonra qəhrəman Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın əmri ilə düşmənin növbəti təxribatına ən layiqli şəkildə cavab verdi. BMT-nin, ATƏT-in Minsk qrupunun 30 ilə yaxın müddətdə edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində etdi.
Amma bu məsələdə zamanı düzgün müəyyənləşdirmək əsas idi. Ölkə başçısının dediyi kimi “biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır”.
Həqiqətən də, 44 günlük Vətən müharibəsinin vaxtı zərgər dəqiqliyi ilə seçilmişdi. Həmin dövrdə ABŞ-da prezident seçkiləri ərəfəsində qızğın mübarizə davam edirdi. Prezident Donald Trampla Demokratların prezidentliyə namizədi Cozef Bayden arasında sözün tam mənasında savaş gedirdi. Ona görə də rəsmi Vaşinqton dünyada baş verən prosesləri geri plana atmışdı.
Rusiya isə Ukraynada yenicə prezident seçilmiş Volodimir Zelenskinin müharibə ritorikalarına cavab axtarışında idi. Ukrayna ilə gözlənilən müharibə fonunda Cənubi Qafqazda baş verənlər Rusiya üçün ikinci və bəlkə də üçüncü dərəcəli məsələ idi.
Avropa isə COVID-19-un gətirdiyi iqtisadi təlatümlərlə mübarizə aparırdı. Ona görə də Cənubi Qafqaz aparıcı Avropa dövlətlərinin “yadından çıxmışdı”.
Məhz bu proseslərin fonunda Azərbaycan Liderinin doğru zamanlaması öz müsbət nəticəsini verdi. İldırım sürəti ilə torpaqlarımız işğaldan azad edildi.
Lakin Vətən müharibəsinin gedişində böyük güclər Qarabağ müharibəsinə açıq və gizli şəkildə müdaxilə etməyə başladılar. Nəticədə noyabrın 10-da Rusiyanın iştirakı ilə Ermanistan kapitulyasiyaya imza atdı. Beləcə, Azərbaycan ali məqsədinə çatmaq – separatizm bəlasını birdəfəlik bitirmək üçün “taym-aut” götürdü.
Rusiya sülhməramlılarının Qarabağa gəlməsinə də müsbət rəy verildi. Lakin bütün bu addımlar dinc yolla və itkisiz şəkildə Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasına hesablanmışdı.
Üç il sonra tarixi anlar yaşandı...
Çox keçmədi ki, Qarabağdakı erməni tör-töküntüləri və Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk etdi. Beləcə dünya tarixinə bir ilk yazıldı - Rusiya heç bir döyüş aparmadan, qansız-qadasız bir ölkədən öz qoşunlarını çıxarmalı oldu.
Bütün bunlarsa İlham Əliyevin uzagörənliyinin, qətiyyətli siyasətinin təntənəsi idi. Məhz onun müdrik siyasəti hesabına Azərbaycan tarixi bir xəstəlikdən – separatizm bəlasından xilas oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur dövlət-xalq birliyi hesabına dirçəlir, yenidən qurulur.
İlham Əliyev dühası Azərbaycan xalqının qürurunu özünə qaytardı. Əgər əvvəllər azərbaycanlılar xaricdə özünü tanıdarkən ehtiyat edirdisə, bu gün fəxrlə deyirlər:
“Mən azərbaycanlıyam!”
Çünki İlham Əliyev azərbaycanlılara yenidən güc, qürur və hörmət qazandırdı. Qarabağ zəfəri ilə Azərbaycan xalqı uzun illər dözdüyü ədalətsizliyi tarixə dəfn etdi. Bu qələbə ilə Azərbaycan təkcə torpaqlarını yox, həm də heysiyyətini geri aldı. O gündən azərbaycanlılar dünyanın harasında yaşasa da, qalib xalqın nümayəndəsi kimi görülürlər.
İlham Əliyev bu illər ərzində sübut etdi ki, millətinin şərəfini qoruya bilən lider xalqını bütün dünyada ucalda bilər. Bu gün Azərbaycan pasportu sərhədləri aşan etibar, azərbaycanlı adı isə dünyada yüksələn dəyərdir.
İlham Əliyev həm də bütün Qafqazı qürurlandırdı, şərəfləndirdi.
Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili özünün Facebook hesabında etdiyi paylaşımda bunu çox obrazlı ifadə edib:
“İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və digərlərinə nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə ehtiramlarını bildirmək üçün növbəyə düzülürlər”.
İlham Əliyev Azərbaycanı beynəlxalq aktora çevirdi
Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası ölkəmizin gücünə güc qatdı və yeni hədəfləri müəyyən etdi. Artıq Azərbaycan dünyaya öz imkanlarını sözün tam mənasında təqdim edə bilir. Eyni zamanda, Azərbaycan ən böyük dövlətlərlə bərabər səviyyəli danışıqlar aparır.
Bunu biz Vaşinqtonda, Pekində və Bişkekdə görüb, qürurlanmışıq. Donald Tramp, Si Cinpin, Vladimir Putin kimi liderlər İlham Əliyevlə məsləhətləşmələr aparır, bərabərsəviyyəli dialoq qururlar.
Bu İlham Əliyevin unikal diplomatik istedadının göstəricisidir.
Bu gün Avropanın aparıcı dövlətləri Azərbaycanla əlaqələri dərinləşdirməyə can atırlar.
Serbiya Prezidenti Aleksandar Vuçiçin 2022-ci ilin noyabrında səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkir:
“İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır... Onlar (Avropa liderləri – red.) mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər”.
Təsadüfi deyil ki, hazırda Aİ-nin 15-ə yaxın ölkəsi, yəni ittifaqın hər üç ölkəsindən biri Azərbaycanın tərəfdaşıdır.
Bu isə İlham Əliyev müdrik siyasətinin əyani sübutudur. Çünki böyük dövlətlərin böyük, kiçik dövlətlərinsə müdrik siyasəti həmin ölkələri qüdrətli edir. İlham Əliyev müdrikliyi də Azərbaycanı regionun ən qüdrətli dövlətlərindən birinə çevirib. Hazırda regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Eyni zamanda, regiondakı bütün xoşməramlı təşəbbüslərin moderatoru məhz Azərbaycan, daha konkret desək, Prezident İlham Əliyevdir.
"Bir millət, iki dövlət" ideologiyasından "Türk dünyasının birliyi"nə doğru
Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi əsas istiqamətlərdən biridir. Bu siyasət "bir millət, iki dövlət" ideologiyası ilə başladığı halda, zaman keçdikcə "türk dünyasının birliyi" konsepsiyası ilə genişlənir. İlham Əliyevin çıxışlarında Türk Dövlətləri Təşkilatının qardaş ölkələr arasında inteqrasiyanı dərinləşdirmək üçün mühüm platforma olduğu dəfələrlə vurğulanıb.
Azərbaycanın türkdilli ölkələrlə iqtisadi əməkdaşlığı, xüsusilə enerji və nəqliyyat sektorlarında əhəmiyyətli dərəcədə genişlənir. İlham Əliyevin təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və Orta Dəhliz kimi layihələrə dəstək verilib, bu layihələr türkdilli dövlətlərin Avropa və Asiya arasında körpü funksiyasını icra etməsinə imkan yaradıb.
Zəngəzur dəhlizi layihəsi (TRİPP) isə türk dünyasının coğrafi inteqrasiyasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini də gücləndirəcək. Təsadüfi deyil ki, İlham Əliyev bu layihəni "Türk dünyasının qlobal inteqrasiyasının əsas dayağı" kimi təqdim edir.
İlham Əliyevin Türk dünyasının inteqrasiyasında tarixi rolu
Bir sözlə, İlham Əliyev təkcə Azərbaycanın dövlət başçısı deyil, həm də türk dünyasının gələcək inkişafında strateji liderlik missiyasını daşıyan siyasi rəhbərdir. Onun fəaliyyəti regional sabitliyin qorunması, türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi və birliyin praktik əsaslar üzərində qurulması üçün əhəmiyyətli rol oynayır. Müasir dövrün çağırışları fonunda İlham Əliyevin siyasi irsi və liderlik təcrübəsi türk dövlətləri üçün strateji yol xəritəsi kimi qəbul edilə bilər.
Təbii ki, İlham Əliyevin qətiyyəti və prinsipiallığı hesabına bu gün Avropanın Türk dövlətlərindən iqtisadi cəhətdən asılılığı artır. Çünki Avropanın enerji təhlükəsizliyində Azərbaycanın və digər Türk dövlətlərinin xüsusi payı var. Bu isə siyasi güc və nüfuz deməkdir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev haqlı olaraq etiraf edib ki, Azərbaycan regional güc kimi çox mühüm rol oynayır.
Bütün bunlar bir daha sübut edir ki, İlham Əliyev dünyada nüfuzlu lider, Azərbaycan isə regional güc kimi qəbul edilir.
Nəzərə alaq ki, İlham Əliyevin beynəlxalq müstəvidə böyük ideyalarını reallaşdıracağı yolun böyük hissəsi hələ qabaqdadır. Ona görə də Azərbaycanın qazanacağı daha böyük, tarixi uğurlar hələ irəlidədir.
Əminliklə deyə bilərik ki, yaxın illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq və beynəlxalq gücə çevriləcək.
Qeyd edək ki, bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Bizim.Media kollektivi cənab Prezidenti doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin başçısına uzun ömür, möhkəm cansağlığı arzulayır!
Bizim.Media