Prezident İlham Əliyev: Qələbəmizin və İnkişafımızın Simvolu

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq və intibah salnaməsinə misilsiz uğurlar yazan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixinin ən qüdrətli mərhələsinə çatdıran, siyasətdə rəqibi olmayan möhtəşəm və möhtərəm dünya Liderdir. Onun ölkəmizə rəhbərlik etdiyi 22 il ərzində Azərbaycan mükəmməl inkişaf yolu keçməklə, iqtisadi-sosial intibaha imza atıb, bölgənin lokomotivinə və söz sahibinə çevrilib, dünya birliyində öz layiqli yerini tutmağa müvəffəq olub.

Zamanında dünyanın ən sanballı təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirərək beş ildən artıq bu ali təhsil müəssisəsində dərs demiş İlham Əliyev gənc yaşlarından siyasət və diplomatiya elminin dərinliklərini mənimsəyərək yüksək səviyyəli kadr kimi yetişmişdir. Onun üçün milli dövlət və azərbaycançılıq amalı hər şeydən üstün olmuş, o, müstəqil Azərbaycan uğrunda ən çətin sınaqlarda, mübarizələrdə, SSRİ rəhbərliyinin Ulu Öndərə qarşı təqiblərinin kritik həddə çatdığı dövrlərdə Heydər Əliyevin ən yaxın silahdaşına və sirdaşına çevrilmişdir. İlham Əliyev layiqli övlad və mübarizə yoldaşı kimi Heydər Əliyevi heç vaxt tənha qoymamış, azadlıq və milli ideya yolunda birgə və möhkəm iradə nümayiş etdirmişdir.
 

Müstəqil Azərbaycanın bərpasında və qurtuluşunda da Ümummilli Liderlə birgə addımlayan İlham Əliyev dahi şəxsiyyətin yanında idaretmənin bütün incəliklərini və dövlət intizamını dərindən mənimsəmişdir. O, gənc yaşlarında Dövlət Neft Şirkətində məsul vəzifədə çalışdığı dövrdə Azərbaycanın milli dövlət maraqlarının əzmkar müdafiəçisi və Milli Məclisin deputatı kimi əvəzoulnmaz fəaliyyəti ilə seçilmişdir. Azərbaycanın enerji manifestinə çevrilən “Əsrin Müqaviləsi”nin imzalanması ilə bağlı çətin və gərgin danışıqlarda qəti əzmkarlıq nümayiş etdirərək kontraktın milli iqtisadi maraqlarımıza uyğun imzalanmasına nail olmuşdur.


İlham Əliyevin fitri siyasi zəkası onun 1999-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) keçirilən I qurultayında sədrin müavini postuna seçilməsini təmin edib. 2001-ci ildə keçirilən II qurultayda isə sədrin birinci müavini seçilən, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına başçılıq edən İlham Əliyev təcrübəli və peşəkar siyasi xadim kimi cəmiyyətdə və dünya miqyasında böyük nüfuz qazana bilmişdir. O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mötəbər siyasi tribunadan cəsarətli çıxışları ilə Ermənistanın işğalçı və təcavüz simasını Avropa Şurasında ifşa etmiş, keçmiş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə erməni lobbisinin güclü təsiri altında olan Qərb dünyasında aydın və obyektiv rəy formalaşdırmağı bacarmışdır.

İlham Heydər oğlu Əliyev artıq 2000-ci ildə beynəlxalq siyasi münasibətlər sistemində böyük siyasətə hazır bir şəxs kimi siyasi liderlər elitasının layiqli üzvü olaraq qəbul edilirdi. Onun 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin müavini, təşkilatın büro üzvü seçilməsi, habelə AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif edilməsi, güclü siyasi qüdrətinin və bacarığının göstəricisi idi.

2003-cü il oktyabrın 1-də səhhətindəki problemlərlə əlaqədar prezidentliyə növbəti namizədliyini İlham Əliyevin xeyrinə geri götürən Ulu Öndər Azərbaycan xalqına müraciətində siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırırdı:

“O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli Lider siyasi varisinə etibar etməkdə, inanmaqda olduqca haqlı idi.

Çünki onun müəyyən etdiyi mükəmməl və alternativi olmayan dövlət kursunu İlham Əliyevdən başqa heç kim idarə edə və irəli apara bilməzdi.

Ulu Öndərin əminliyi və arxayınlığı da məhz bu reallıqlardan irəli gəlirdi. Onun tarixi müraciəti Azərbaycan xalqı üçün müqəddəs bir anda çevrildi. Xalqımız 2003-cü il oktyabrın 15-də Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu dəstəkləyərək İlham Əliyevi Prezident seçməklə ölkəmizin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Ali vəzifəsində ilk gündən xalqa xidmət etmək, hər bir vətəndaşın Prezidenti olmaq missiyasını ləyaqətlə icra etməyə başladı. Çoxşaxəli iqtisadi islahatların konsepti müəyyənləşdi, ən qabaqcıl modellər tətbiq edildi, dövlət başçısının 2004-cü 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkənin həyatında köklü dəyişikliklərə yol açdı.
 

Azərbaycan Prezidentinin inanılmaz enerji diplomatiyası sayəsində regionun ən nəhəng neft arteriyası olan Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü, Avrasiya coğrafiyasının enerji xəritəsi dəyişdi. İki il sonra ‒ 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi isə nəhəng bir enerji habı formalaşdırdı. 2013-cü ildə ilk süni peykini orbitə çıxaran Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrildi, texnoloji sənaye inqilabı alyansında yer aldı.


Bu müdrik diplomatiya Azərbaycanı qlobal dünya ilə inteqrasiyasını möhkəmləndirdi, ölkənin iqtisadi gücündən, maliyyə potensialından məharətlə və düzgün istifadə edərək qazanılmış dividenti xarici siyasətdəki hədəflərə, diplomatik hücum strategiyasına yönəltdi.

Prezidentin ən ali amalı torpaqlarımızın erməni işğalından azad edilməsi idi.

O, bu taleyüklü məsələyə toxunarkən qeyd edirdi ki, “biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik, iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəldəcəyik. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Prezident İlham Əliyev bütün imkan və fürsətləri bir nömrəli müqəddəs andın gerçəkləşməsinə sərf etdi, 1999-cu ildə yaradılan dayanıqlı maliyyə xəzinəsi olan Dövlət Neft Fondunun vəsaitlərini həm də müdafiə sənayesinin formalaşmasına, əsl Ali Sərkərdə sərrastlığı ilə ardıcıl şəkildə nümunəvi və peşəkar ordu quruculuğuna yönəltdi. Eyni zamanda, Azərbaycanın qlobal mühitdə artan yaxın tərəfdaşları, strateji müttəfiqləri ilə qurulan düzgün xətt Qarabağla bağlı beynəlxalq sənədlərin və qətnamələrin qəbul edilməsində mühüm rol oynadı, tarixi Zəfərə gedən yolda hüquqi-siyasi üstünlüklər qazandırdı.

Azərbaycanın dayanmadan artan təşəbbüskarlıq və regional liderlik qabiliyyəti yeni trans-nəqliyyat və trans-enerji layihələrinin ərsəyə gəlməsini təmin etdi. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Şərq-Qərb coğrafiyasında Yeni İpək Yolunun irəliləməsi üçün çığır açdı, Şimal-Cənub tranzit qovşağını bölgə ölkələri ilə əlaqələndirdi, Asiya və Avropa arasında körpü rolunu oynayan Orta dəhliz landşaftını qurdu.

2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP istifadəyə verildi, 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəmərinin işə düşməsi ilə Avropa İttifaqı (Aİ) üçün yeni enerji qapısı açıldı.

2022-ci il iyulun 18-də ölkəmizə səfər edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə Prezident İlham Əliyev arasında keçirilən görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Aİ-yə təbii qaz nəqlinin artırılması və Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi potensial nəql imkanlarını genişləndirməsinə zəmin yaratdı.
 

Hazırda ölkəmiz 14 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. 2024-cü ildə Aİ ölkələrinə nəql edilən qazın həcmi 13 milyard kubmetr təşkil edib, cari ildə bu rəqəm bir qədər də artıb, 2026-cı ildə Albaniya və digər ölkələrə də qaz nəqli nəzərdə tutulur ki, nəticədə Azərbaycanın ixracının həcmi və coğrafiyası daha da böyüyəcək. Beləliklə, Pan-Avropa enerji klubunda aparıcı yer tutan Azərbaycan Aİ regionunda öz təminatçı mövqeyini daha da gücləndirəcək.


Prezident İlham Əliyevin dərin zəkası və strateji düşüncəsinin nəticəsi olaraq Azərbaycan Respublikasının dünyanın 30 yaxın aparıcı ölkəsi ilə, ö cümlədən dördü müttəfiqlik münasibətləri olmaqla rəsmi strateji tərəfdaşlıq əlaqələri mövcuddur. 2025-ci ildə iki qlobal güclə qurulan əlaqələri isə xüsusilə qeyd etmək lazımdır. Çin Xalq Respublikası ilə cari il aprelin 23-də hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və avqustun 8-də Amerika Birləşmiş Ştatları ilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması dövlət başçımızın unikal xarici siyasətinin bariz nümunəsidir.

Ölkəmiz, həmçinin “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Azərbaycan 2012‒2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019‒2023-cü illərdə sədrlik statusu qazanmaqla qlobal miqyasda etimad və etibar ünvanı olduğunu təsdiqləmişdir.

Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı təşviq edən təşəbbüskarlığının nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas, Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiya keçirilmiş, habelə 2021-ci il noyabrın 18-də “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Yeri gəlmişkən, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə də özünün unikal modeli ilə fərqləndi, “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”na əsasən, pandemiya ilə mübarizədə mühüm addımlar atıldı, xəstəlikdən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən üç milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edildi.
 

Azərbaycanın digər bir təşəbbüskarlığı və yaratdığı həmrəylik platformasının uğuru İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal və nüfuzlu üzvlərindən biri kimi qurumun konfranslarına yüksəksəviyyəli ev sahibliyi etməsidir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması, İƏT-in möhtəşəm idman hadisəsi olan IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2024-cü ildə Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi Azərbaycanın həmrəylik diplomatiyasının sarsılmaz uğurlarıdır. Ölkəmizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi ilə bağlı qərar isə təşkilata üzv dövlətlərin bizə etimadının göstəricisidir.


Prezident İlham Əliyev həm də Azərbaycan siyasətində demokratik qətiyyətli islahatların təşəbbüskarı və təminatçısıdır. O, siyasi mühitə yeni münbit və sağlam ab-hava, fərqli fəaliyyət nümunəsi gətirdi, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq və milli siyasi etika nümunəsi təqdim etdi. 2018-ci il Prezident və 2020-ci il parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu. 2020-ci ildə respublikamızda yeni siyasi konfiqurasiyanın qurulması, çoxpartiyalı sistemin daha da möhkəmləndirilməsi və digər siyasi islahatlar siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq etdi.

Siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirildi, 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olundu, “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi, siyasi partiyalara dövlət maliyyə yardımının həcmi hər il artırıldı. Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başladı. Siyasi partiyaların ümummilli məsələlərdə həmrəyliyi daha da möhkəmləndi.
 

Eyni zamanda, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni ahəngdarlıq və ritmik dinamikanı gücləndirən islahatlar aparıldı. 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın Sədri seçildi və siyasi proseslərdə yeni dövrün əsası qoyuldu. O, 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olan islahatları həyata keçirdi, 2021-ci il martın 5-də YAP-ın VII Qurultayında yeni Nizamnamə və Proqram qəbul olundu, kadr islahatlarına başlanıldı.


Azərbaycanın dövlət başçısının ötən illər ərzində hər gün daha da gücləndirdiyi ordu quruculuğu ən yüksək səviyyəyə çatdırılmaqla dünya hərb rəqabətində öz gücünü sübut edən yeni növ hərbi birləşmələrin və xüsusi təyinatlı bölmələrin rəşadətinin artmasını təmin edərək qələbəni anbaan yaxınlaşdırdı.

Azərbaycanın işğalla heç zaman barışmayacağını bütün platformalarda qətiyyətlə bəyan edən və “Qarabağ Azərbaycandır” ümummilli hərəkatına başlayan Ali Baş Komandanın yaratdığı Zəfər Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu təxribatlarına qarşı əks-hücum əməliyyatı başlatdı. 44 gün ərzində bir dəfə də belə geriyə addım atmayan və düşməni təşvişə salan Silahlı Qüvvələrimiz noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kəndi işğaldan azad etdi. Ağır məğlubiyyətlə barışmalı olan İrəvan kapitulyasiya aktını qəbul etdi və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, hərbi əməliyyatlar aparılmadan və itki verilmədən noyabrın 20-də Ağdam rayonu, 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
 

Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verməsi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırması da Zəfərin əldə edilməsində siyasi diplomatiya blokundakı uğurların nümayişi idi. Bu müsahibələr XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası, qətiyyətin və prinsipiallığın sitatları idi: “Mən dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.


2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu, ancaq erməni separatizmi yenə dinc dayanmadı. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, oraya qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki şəxslərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması məqsədilə 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi bir günlük əməliyyatla Azərbaycanın ərazi bütövlüyünü və Konstitusiya quruluşunu tamamilə bərpa edildi, 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılaraq Ali missiya tamamladı, 2003-cü ildə Prezident verdiyi sözə nida işarəsi qoydu.

Qələbənin əbədiləşdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqətində olmaqla, “Zəfər” və “Qarabağ” ordenlərinin, 15 yeni medalın təsis olunması ilə simvolizə edildi, müharibə iştirakçıları müxtəlif orden və medallarla təltif olundular. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Gününun təsis edilməsi və noyabrın 8-nin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi xalqımızın qürurverici tarixinin daha bir rəmzinə çevrildi.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradıldı, 2021-ci ildə Hərbi Qənimətlər Parkının, 2024-cü ildə Zəfər Parkının və 2025-ci ildə Zəfər muzeyinin açılışı gerçəkləşdi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə, 4 oktyabr - Cəbrayıl, 17 oktyabr - Füzuli, 20 oktyabr - Zəngilan, 25 oktyabr - Qubadlı, 8 noyabr - Şuşa, 20 noyabr - Ağdam və 25 noyabr - Kəlbəcər şəhər günləri kimi qeyd edilir.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilməsi isə dünyada möhtəşəm görüntü ilə müşayiət edildi, paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını əks etdirən ən mühüm hadisə kimi tarixə yazıldı. Altı ay sonra Zəfərin ən ali Zirvəsində - Şuşada iki Liderin görüşü və 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi hərbi-siyasi və iqtisadi müttəfiqliyin rəmzinə çevrildi.

Həmçinin, Türk dövlətləri ilə qardaşlığın və həmrəyliyin ali təsisatı olan Türk Dövlətləri Təşkilatının (TDT) 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi birlik və əməkdaşlığın tarixi manifestidir. 2025-ci il oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə imzalanmış Bəyannamə isə yeni yol xəritəsi hesab edilə bilər. 2025-ci il noyabrın 8-də Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin iştirakı isə Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığının sarsılmazlığının nümayişidir.
 

Zəfərin daxili ictimai-siyasi mühitə gətirdiyi ən mühüm hadisə 2024-cü il fevralın 7-də keçirilən seçkilər oldu. Zəfər seçkisi kimi müasir siyasi tariximizdə həkk edilən bu möhtəşəm hadisənin özəlliyi ondan ibarət idi ki, seçkilər ilk dəfə 86,6 min kv.km ərazimizin bütün nöqtələrində baş tuturdu. Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verən Prezident İlham Əliyev bildirirdi ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. “Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.


Zəfər hərəkatının digər bir dalğası amnistiya hərəkatı sayıla bilər. Prezident İlham Əliyev humanist və insanların səhvini bağışlamağı bacaran xarakterinin nümunəsi kimi 2003‒2025-ci illər ərzində imzalanmış 39 əfv sərəncamı və beş amnistiya aktının davamı 2021-ci ildə 8 Noyabr ‒ Zəfər Günü münasibətilə gerçəkləşdi. Amnistiya aktı 17 mindən artıq nəfərə şamil edildi və 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayan insan cəzadan azad olundu.

Cənab Prezidentin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib və sənədə əsasən hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarixi günun növbəti aktı isə humanizm rəmzi kimi “Konstitusiya və Suverenlik ili”ndə gerçəkləşən növbəti Amnistiya aktı oldu. Bu akt 20 min nəfərə şamil olunmaqla müstəqillik tarixinin ən böyük amnistiyası deməkdir.

Dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına əsasən, azad ərazilərdə bərpa və quruculuq, məskunlaşma tədbirləri də fasiləsiz şəkildə həyata keçirilməkdədir.

2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına 25 milyard manatdan çox vəsait ayrılıb. Həmin vəsaitlər hesabına “Böyük Qayıdışa dair I Dövlət Proqram”ının 79 faizi tam icra edilib.

Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.

Qarabağda və Şərqi Zəngəzurda aramsız aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, üç beynəlxalq hava limanı istifadəyə verilib, 3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam, biri isə qismən icra edilib. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün inşası başa çatıb, üç körpü istismara verilib.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Bölgədə 38 su elektrik stansiyası, dörd su anbarı, 14 elektrik yarımstansiyası istismara verilib, altı magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, səkkiz şəhərə, 20 kəndə və bir qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə bir xəstəxana, 19 ümumi, yeddi məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
 

İşğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması ilə bağlı tədbirlər də uğurla davam etdirilir. 2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20 min 879 nəfərdən ibarət 5 min 256 ailənin qayıdışı təmin edilib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, bu ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

 

Bölgədə nəhəng sənaye arxitekturası qurulub, istehsalın sütunlarına çevrilir. Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” və “Laçın Aqro-Sənaye Parkı”nda yüzlərlə rezidentin fəaliyyəti təmin edilib, müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

Dövlət başçısının 2025-ci il 30 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanması barədə hökumət üzvlərinə müvafiq tapşır verilib və bu istiqamətdə mühüm işlər görülməkdədir.

Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri böyük bir sosial zəkanın və baxışın təcəssümü kimi 22 illik fəaliyyətində daim sosial siyasətin aparıcı xətt tutduğunu təsdiqləyir. Məhz bu unikal siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı son 22 il ərzində nominal ifadədə 14,8 dəfə böyüyərək ÜDM-in həcmi 134 milyard manata çatıb. Dövlət büdcəsinin gəlir və xərcləri 32 dəfə artaraq 1,2 milyard manatdan 39,9 milyard manata yüksəlib. Xarici valyuta ehtiyatları 2003-cü ildəki 1,8 milyard dollardan hazırda 82,5 milyard dollara çatmaqla 46 dəfə artıb. Bu dövrdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-ə, xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 56 milyard dollara yüksəlib.

Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının lokomotividir, regionda əlavə dəyərin ümumi həcmi 108 milyard dollar təşkil edir ki, onun 65 faizindən çoxu Azərbaycanın payına düşür. Həmçinin, maliyyə-büdcə ehtiyatlarının böyük əksəriyyəti Azərbaycanın payına düşür, 2025-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə resursları 40,5 milyard dollar təşkil edir ki, onun 24 milyard dolları və ya 61,4 faizi Azərbaycanın, qalan 39 faizi digər iki ölkənin sərəncamındadır. Regiondakı strateji valyuta ehtiyatlarının ümumi həcmi isə 100 milyard dollara bərabərdir, onun altı milyard dolları Ermənistanın, 11 milyard dolları Gürcüstanın, geri qalanı isə Azərbaycanın payına düşür, yəni toplam ehtiyatların 83 faizə yaxını Azərbaycanın sərəncamındadır.

İqtisadiyyata 344,4 milyard dollar investisiya qoyulub, onun əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib.

Bu xüsusda xatırladaq ki, 2018‒2025-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub, pensiya, əməkhaqları, müavinət və təqaüdlər, ünvanlı sosial yardımın məbləğləri bir neçə dəfə artırılıb. Bu sosial təminat üzrə ümumilikdə büdcədən 7,6 milyard manat vəsait xərclənib.

Cənab Prezidentin hər zaman xüsusi diqqətində olan və davamlı qayğı ilə əhatə edilən şəhid ailələri və müharibə iştirakçılarına ödənilən Prezidentin aylıq təqaüdləri 15-20 faiz artırılıb.

Postmüharibə dövründə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və veteranlara 6900 mənzil və 567 avtomobil verilib, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib, 27,8 min şəxsin məşğulluğu təmin edilib, 25,5 min şəxsə birdəfəlik ödəniş verilib.

Prezident İlham Əliyev olduqca sadə və xalqa bağlı şəxs kimi vətəndaşların yanında olmağı öz mənalı həyat tərzinə çevirib. Ad günündə müxtəlif sosial obyektlərin açılışında iştirakı, şəhid ailələri, keçmiş məcburi köçkünlər və qazilərlə mütəmadi görüşləri onun sosiallığının xarakterini nümayiş etdirir. 50 illik yubileyini keçmiş məcburi köçkünlərlə bərabər Ağcabədidə, sonrakı illərdə Şuşa və Ağdamda, 60 illik yubileyini isə Şuşada keçirməsi cənab Prezidentin dövlət və xalq, milli maraqlar naminə bütün həyatını, rahatlığını sərf etdiyini sübut edir.
 

Azərbaycan 2024-cü ildə beynəlxalq iqlim ailəsinə öz nümunəvi təşəbbüskarlığını bir daha sübut etdi, 80 dövlət və hökumət başçısının iştirakı ilə 76 mindən çox qonağın qatıldığı COP29 sammiti ən yüksək təşkilatçılıq qabiliyyəti ilə keçirildi. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaşlığının və vacib siyasi aktor olmasının daha bir nümunəsi 2024-cü il 19 dekabr tarixində Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısında bu mötəbər təsisata üzv qəbul edilməsidir. BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə verilən qərar isə ölkəmizə və onun Liderinə göstərilən etimadın bariz nümunəsidir.


Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrlərdə keyfiyyətcə yeni olan müasir inkişaf mərhələsinə daxil olub. “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2027‒2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026‒2029-cu illər üçün Strategiya” sənədləri texnoloji inkişafa və rəqəmsal tərəqqiyə çatmağı hədəfləyir.

Azərbaycan, həm də yeni siyasi çağırışlar fonunda Cənubi Qafqazın sülh və rifah körpüsünü inşa edir, digər coğrafiyalarla geniş inteqrasiyasının müasir modelini qurur. 2025-ci il 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin ABŞ-yə səfəri və səfər zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammitinin keçirilməsi və Birgə Bəyannamənin imzalanması regionda geniş əməkdaşlıq və rifah quruculuğu üçün dərin sütunlar formalaşdırmaqla, nəqliyyat kommunikasiyalarının açılmasına zəmin yaratmaqdadır. Razılaşmaya uyğun olaraq, Zəngəzur dəhlizinin bir parçası olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması istiqamətində praktiki işlər həyata keçirilir. Münaqişənin köhnə qalıqları olan Minsk Prosesi və onun əlaqədar strukturları ləğvi yeni münbit siyasi-iqtisadi bağlantıları təmin edəcək humanitar arxitektura formalaşdırır. Yeni İpək Yolu magistralının əsas qovşağı sayılan Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığın qarantına çevriləcək.

Tarixi Qələbə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda “Qərbi Azərbaycan” mövzusunu da ön plana çıxardı, bu mövzu dövlət siyasəti ilə yanaşı, həm də regionda formalaşan siyasi fraqmentasiların ayrılmaz parçasına çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yenidən təşkil edilməsi və fəaliyyəti ictimai-siyasi mühitdə ən əlamətdar hadisələrdən biri kimi yadda qalmaqdadır. Müxtəlif dövlət qurumlarında Qərbi Azərbaycan məsələsi ilə bağlı qəbul edilən qərarlar, ilk dəfə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu və digər proseslər bu məsələnin miqyasını daha da genişləndirib. Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, TürkPA-nın, İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrinə Qərbi Azərbaycan məsələsi daxil edilmiş, məsələ BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın 11 sənədində öz əksini tapıb.

Azərbaycan Prezidenti dünya miqyaslı siyasi lider, böyük şəxsiyyətdir. Dünya liderləri onunla hesablaşır, onun böyük siyasi qüdrətini etiraf edirlər. ABŞ-ın Prezidenti Donald Trampın dəfərlərlə “İlham Əliyev böyük siyasətçidir, böyük şəxsiyyətdir” fikri ən ali etiraflardan biridir.

Onun siyasi obrazını zənginləşdirən ən mühüm amillərdən biri də dünyanın nüfuzlu təşkilatlarının və çoxsaylı dövlətinin orden və medalları, fəxri adları, idman təşkilatlarının mükafatları ilə təltif olunmasıdır. Onların saymaqla bitirmək olmaz, ancaq İlham Əliyev üçün ən ali və müqəddəs təltifin “Heydər Əliyev” ordeni olduğunu söyləsək yanılmarıq. Bu, onun həyatının və siyasi fəaliyyətinin simvolu, ən böyük uğur salnaməsinin rəmzidir.

Ramid Namazov, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakimlərlə bağlı YENİ QAYDA

Hakimlərlə bağlı YENİ QAYDA

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – YENİLİK

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – YENİLİK

Bu şəxslər Omana vizasız GEDƏ BİLƏCƏKLƏR

Bu şəxslər Omana vizasız GEDƏ BİLƏCƏKLƏR

MİQ imtahanında DƏYİŞİKLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ

MİQ imtahanında DƏYİŞİKLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ

Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ

Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ

İstanbulda böyük əməliyyat: 22 məmur saxlanıldı - VİDEO

İstanbulda böyük əməliyyat: 22 məmur saxlanıldı - VİDEO

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

Tramp: “The New York Times” xalqın əsl düşmənidir

Tramp: “The New York Times” xalqın əsl düşmənidir

Rubio və Uitkoff arasında Ukrayna danışıqlarına görə FİKİR AYRILIĞI yaranıb?

Rubio və Uitkoff arasında Ukrayna danışıqlarına görə FİKİR AYRILIĞI yaranıb?

Azərbaycanda pensiya və müavinətlərin ödənilmə tarixi açıqlandı

Azərbaycanda pensiya və müavinətlərin ödənilmə tarixi açıqlandı

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

“Trabzonspor”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Trabzonspor”dan gözlənilməz məğlubiyyət - VİDEO

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı – FOTO/VİDEO

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı – FOTO/VİDEO

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

ABŞ üçün Qrenlandiya niyə bu qədər vacibdir? – VİDEO

iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – VİDEO

ƏDV ilə bağlı dəyişiklik: Qiymətlər azala bilər? – VİDEO

19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

19 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI

Rusiya Kupyanskı niyə ələ keçirməyə çalışır? - Ukraynalı sərhədçi detalları AÇIQLADI

Milli Məclisdən Prezidentə TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezidentə TƏBRİK MƏKTUBU

End of content

No more pages to load

RADİO