Baku TV-nin "Qarabağ xronikası" verilişində 1997-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və "paket həll variantı" kimi tanınan sənədin Qarabağ danışıqlarında mahiyyət etibarilə yanaşma dəyişikliyi yaratdığı qeyd olunub.
Bildirilib ki, 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində əsas prinsip Azərbaycanın suverenliyi və ərazi bütövlüyü olduğu halda, 1997-ci ilin yayında irəli sürülən bu sənəd həmin prinsipləri formal şəkildə saxlayaraq, məzmun baxımından onları zəiflətməyə yönəlib.
Bizim.Media xəbər verir ki, sənəddə "Dağlıq Qarabağ" ayrıca tərəf və öhdəlik daşıyan subyekt kimi təqdim olunub, bununla da danışıqlar prosesində gizli üçtərəfli modelin formalaşdırılmasına cəhd edilib.
Verilişdə vurğulanıb ki, "paket variantı" təhlükəsizlik və status məsələlərini ayrılmaz şəkildə birləşdirərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsində suveren nəzarətin beynəlxalq mexanizmlərlə əvəzlənməsini, Laçın yolunun xüsusi beynəlxalq rejimli dəhlizə çevrilməsini və Qarabağda kvazi-dövlət xarakterli strukturun yaradılmasını nəzərdə tuturdu.
Qeyd olunub ki, rəsmi Bakı bu yanaşmanı qəti şəkildə rədd edib və "Dağlıq Qarabağ"ın ayrıca tərəf kimi tanınmasına imkan verməyib. Nəticədə, sənəd həyata keçirilməsə də, sonrakı illərdə gündəmə gətirilən "mərhələli həll" və "ümumi dövlət" modellərinin ideoloji əsaslarının məhz bu paketdə formalaşdığı diqqətə çatdırılıb.
Verilişdə vurğulanıb ki, 1997-ci ilin "paket həll variantı" Qarabağ danışıqları tarixində açıq şəkildə səsləndirilməsə də, Azərbaycanın suverenliyinə yönəlmiş ən riskli diplomatik cəhdlərdən biri kimi yadda qalmalı olan mühüm mərhələdir.
Daha ətraflı videomaterialda:
Bizim.Media