Dekabrın 4-də Bakıda Azərbaycan və İraq arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclası keçiriləcək.
Bu barədə Bizim.Media-ya Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Azərbaycan tərəfindən komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraq tərəfindən isə rabitə naziri Xəyyam Əl-Yəsridir.
Xəyyam Əl-Yəsri bu gündən etibarən Bakıda səfərdədir. Daha əvvəl bildirildiyi kimi, səfər çərçivəsində iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumlarının icra vəziyyəti müzakirə olunacaq.
Səfər iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın gücləndirilməsinə, habelə rabitə və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın yeni imkanlarının araşdırılmasına yönəlib.
Xatırladaq ki, hökumətlərarası komissiyanın əvvəlki, yəni üçüncü iclası 2023-cü ilin dekabrında Bağdadda keçirilib.
2024-cü ilə olan məlumata görə, Azərbaycanda müxtəlif sektorlarda təxminən 170 İraq şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak ediblər. İraqda tikinti, enerji təchizatı, su təminatı, yol və körpülərin çəkilməsi kimi sahələrdə tələbatın mövcudluğu şirkətlərin fəaliyyəti üçün yeni imkanlar açır.
Bizim.Media