Məlum olduğu kimi, Noyabrın 29-da evində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli istintaqa cəlb edilib. Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrın 1-də isə onun barəsində məhkəmənin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu – FOTOLAR
Köhnə tandem: illərlə formalaşan xətt
Təbii ki, hakimiyyəti zorla ələ keçirməyə çalışan şəxs bunu təkbaşına edə bilməz. Bunun üçün ciddi maliyyə resursları, daxili və xarici bağlantılar – ümumilikdə şəbəkə tələb olunur. Diqqətçəkən məqam isə Əli Kərimli ilə birlikdə AXCP-nin rəyasət heyətinin üzvü Məmməd İbrahimin də eyni maddə ilə ittiham edilərək, həbs olunmasıdır.
Şəbəkənin başında isə həm bu, həm də daha iki maddə ilə ittiham olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev dayanır. Əli Kərimli və Məmməd İbrahim də məhz “Ramiz Mehdiyev işi” üzrə şübhəli şəxs kimi tanınıblar. Mehdiyevin və Kərimlinin evindən tapılan dəlillər isə bu şəbəkənin qurduğu çevriliş planının açıq sübutudur. Lakin onların əməkdaşlığı illər əvvələ dayanır...
Dövlətin müdafiə mexanizminin zəruri müdaxiləsi
13 il əvvəl yaradılan “Milyarderlər İttifaqı” və onun uzantısı olan “Milli Şura”nın yaradılması, 2019-cu ilə qədər davam edən mitinq oyunu - bunlar hamısı Ramiz Mehdiyev-Əli Kərimli tandeminin dövlətimizə qarşı qurduğu planın tərkib hissəsi idi.
Planın kuliminasiya nöqtəsi isə Ramiz Mehdiyevin hazırladığı, ilkin variantı Əli Kərimlinin evində tapılan məktubda yazılanlar – dövlət çevrilişinin reallaşması olacaqdı. Ancaq dövlətin müdafiə mexanizminin zəruri müdaxiləsi bu dağıdıcı planın beşikdə boğulması ilə nəticələndi. Buna baxmayaraq, zəruri tədbirlərin davam etməsi, təhlükəsizliyin tam təmin olunması öz aktuallığını qoruyur.
AXCP taktikası – maliyyə kimdən gəlirsə, ağa odur...
“Milli Şura”, daha dəqiq desək, onun əsas elementi olan AXCP illərdir Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqedə dayanıb. Üstəlik, Əli Kərimli təkcə Ramiz Mehdiyevin deyil, həm də xarici qüvvələrin əlində alət olub, onların əmrləri ilə hərəkət edib.
Maliyyə Rusiyadan gələndə Moskvanın, Qərb institutlarından gələndə isə həmin qurumların siyasi ritorikasına uyğun mövqe sərgiləyib.
Əli Kərimlinin Azərbaycan dövlətinə qarşı tutduğu mövqeyi onun Qarabağ məsələsi ilə bağlı açıqlamalarından da aydın şəkildə görünürdü. Belə ki, AXCP-nin “əbədi sədri”nin 2020-ci ildə - 44 günlük Vətən müharibəsindən əvvəl verdiyi “Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” mesajı hər birimizin yaxşı yadındadır.
Bu kontekstdə AXCP müxtəlif güc mərkəzlərinin siyasi ideoloji platforması kimi fəaliyyət göstərir: adlar, kanallar dəyişsə də, məqsəd eyni olub — milli həmrəyliyə və dövlətin ideoloji dayaqlarına zərbə vurmaq.
Daxili sabitliyin qorunmasında beynəlxalq təcrübə
Sirr deyil ki, ideoloji toxunulmazlığın, daxili təhlükəsizliyin qorunması əksər dövlətlər üçün prioritet istiqamətdir. Bu hədəfi reallaşdırmaq üçün fərqli nümunələr mövcuddur. Ancaq təhlükə daxildən gələndə bəzi ölkələrin təcrübəsi – dövlətə təhdid yaradan partiyaların ləğvi zərurətə çevrilir.
Məsələn, 2014-cü ildə Cənubi Koreyanın Konstitusiya Məhkəməsi Birləşmiş Tərəqqi Partiyasını ləğv etdi. Bu addımın atılmasına səbəb partiyanın Şimali Koreya ideologiyası ilə bağlı olması və dövlət çevrilişi planlaşdırması idi.
Rusiya ilə müharibə başladıqdan sonra Ukrayna hökuməti və məhkəmələri Rusiya ilə əlaqələri olan 11 partiyanın fəaliyyətini qadağan edib.
Almaniya da bu məsələlərdə sərt addımları ilə seçilir. Belə ki, müxtəlif dövlərdə ortaya çıxan neonasist partiyalar dövlət quruluşuna təhdid yaratdıqları üçün ləğv olunub.
AXCP – dövlət quruluşuna təhdid ünsürü
Bu reallıq fonunda Azərbaycanın da milli təhlükəsizliyi ön planda saxlaması, daxili sabitliyi və xalq-iqtidar birliyini prioritet istiqamət kimi seçməsi təbiidir. Lakin Ramiz Mehdiyev və AXCP nümunəsi göstərir ki, ölkənin ideoloji sərhədlərinə yönəlmiş təhdidlər həm xaricdən, həm də daxildən qaynaqlanır. Xarici mərkəzlərin yerli dayaqlar üzərindən fəaliyyət göstərməsi isə təhlükənin miqyasını daha da artırır.
Bu təhlükə isə bəzən dövlətə təhdid yaradacaq həddə qədər inkişaf edir – eynilə Ramiz Mehdiyevin Əli Kərimlini də alət edərək qurduğu çevriliş planı kimi...
Baş obrazlar getdi – Sıra köməkçilərdədir...
Bu gün çevriliş planın müəllifi və onun əsas əlaltısı cinayət məsuliyyətinə cəlb olunub. Ancaq görülməli olan tədbirlər hələ bitməyib. Çünki sədri həbs olunsa belə, illərdir xarici və daxili düşmənlərin təhlükəli planların icraçısı olan təşkilat – AXCP hələ də fəaliyyətdədir. Hazırki proseslərə, üzə çıxan faktlara verilən reaksiya isə AXCP-nin bu dəsti-xəttini davam etdirəcəyinin nümayişi, isbatıdır.
Ona görə də bu təhlükəni vaxtında dəf etmək üçün müdafiə mövqeyində qalmamaq, gələcək təhdidləri gözləməmək lazımdır. Bunun üçün isə təhdidlər indidən zərərsizləşdirilməli, proaktiv siyasət yürüdülməlidir.
Atılması vacib olan addım bəllidir – AXCP-nin bağlanması.
Hazırki istintaq prosesi və ortaya çıxarılan faktlar yalnız bir qrup siyasətçinin məsuliyyət məsələsi deyil. Bu hadisələr Azərbaycan dövlətçiliyinin qarşılaşdığı ideoloji, institusional və təhlükəsizlik çağırışlarının kompleks təzahürüdür.
Bu səbəbdən atılacaq addımlar da strateji xarakter daşımalıdır. Əgər qarşıdakı onillikdə siyasi sistemin müdafiəsini sağlamlaşdırmaq, xarici təsirlərə qarşı daha dayanıqlı olmaq və milli bütövlüyü qorumaq istəyiriksə AXCP-nin bağlanması zəruri tələbdir.
Çünki AXCP-nin gələcək perspektivdə, yeni rəhbərlə, fərqli qüvvələrin əlində alətə çevrilərək dövlətə təhdid yaratmayacağına heç kim zəmanət verə bilməz...
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru