Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. İllərlə işğal altında qalmış torpaqların yenidən dirçəldilməsi həm mühəndislik və tikinti layihələrinin icrası, həm də tarixi ədalətin bərpası, məcburi köçkünlərin doğma yurdlarına layiqli şəkildə qayıdışı və regionun təhlükəsiz gələcəyinin qurulması deməkdir.
Bizim.Media report-a istinadən xəbər verir ki, bu genişmiqyaslı işlərin effektiv koordinasiyası üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə bütün məsələlərin vahid mərkəzdən idarə olunmasını təmin edən Əlaqələndirmə Qərargahı yaradıldı.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi ilə fəaliyyət göstərən qərargah müxtəlif sahələr üzrə layihələrin sinxron icrasını, resursların düzgün bölüşdürülməsini və proseslərə operativ nəzarəti həyata keçirir.
Dövlət başçısının bölgələrə mütəmadi səfərləri, infrastruktur layihələrinin gedişinə birbaşa nəzarəti və hər bir obyektin strateji əhəmiyyətinin dəqiq dəyərləndirilməsi sayəsində Qarabağ və Şərqi Zəngəzur qısa müddətdə müasir nəqliyyat şəbəkəsinə qovuşub. Bərpa prosesinin ilk hədəflərindən biri kimi hava, dəmir yolu və avtomobil yollarının formalaşdırılması bu ərazilərin gələcək inkişafının əsasını qoyur.
Yeni hava limanları - azad edilmiş torpaqların dünyaya açılan qapısı
Məcburi köçkünlərin təhlükəsiz, rahat və mərhələli şəkildə qayıdışını təmin edən ən vacib elementlərdən biri hava nəqliyyatının yaradılmasıdır. Eyni zamanda bu limanlar regionu ölkənin digər bölgələri və dünya ilə birləşdirən strateji qovşağa çevrilir. Prezident İlham Əliyevin siyasi iradəsi və müvafiq sərəncamları nəticəsində cəmi bir neçə il ərzində Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara cavab verən üç hava limanı inşa olunub.

Belə ki, Füzuli Beynəlxalq Hava Limanının təməli 14 yanvar 2021-ci ildə qoyulub və artıq həmin ilin oktyabrın 26-da istifadəyə verilib. Füzuli hava limanı Qarabağın hava qapısı kimi regiona yeni nəfəs gətirdi.
Zəngilan Beynəlxalq Hava Limanının təməli 26 aprel 2021-ci ildə qoyulub və 2022-ci il oktyabrın 20-də açılışı olub. Bu hava limanı gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə regionun ən önəmli logistik mərkəzlərindən birinə çevriləcək.
Laçın Beynəlxalq Hava Limanı isə dağlıq relyefə baxmayaraq mühəndislik baxımından ən mürəkkəb və unikallardan biri hesab olunur. Onun təməli 16 avqust 2021-ci ildə qoyulub, açılışı isə 2025-ci il mayın 28-də baş tutub. Laçın hava limanı gələcək turizm və logistika axınlarının əsas dayaqlarından biri kimi nəzərdə tutulur.
Hər üç hava limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak ediblər.
Beləliklə, cəmi bir neçə il ərzində azad edilmiş Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası I Dövlət Proqramında qarşıya qoyulan əsas hədəflərdən birinin tam həyata keçirildiyini göstərir. Laçın Hava Limanının istifadəyə verilməsi ilə ölkədə beynəlxalq hava limanlarının sayı doqquza çatıb və Azərbaycan regionun ən dinamik hava nəqliyyatı mərkəzlərindən birinə çevrilmək yolunda irəliləyir.
Regionun dayanıqlı inkişafına xidmət edən yeni dəmir yolu şəbəkəsi
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma siyasətinin əsas hədəflərindən biri regionu müasir nəqliyyat sisteminə inteqrasiya etməkdir. Bu baxımdan dəmir yollarının tikintisi iqtisadi canlanmanın, insanların təhlükəsiz və komfortlu hərəkətinin təmin edilməsində mühüm rol oynayır.
Hazırda azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin tikintisi geniş miqyasda davam edir. Layihələrin ox üzrə ümumi uzunluğu 185,5 kilometr, yan yollarla birlikdə isə 229,257 kilometr təşkil edir. Bu çətin relyefdə mühəndislik baxımından kompleks həllər tələb edən işlər də nəzərdə tutulub: ümumi uzunluğu 5204,4 metr olan 49 körpünün və uzunluğu 2345 metr olan 4 tunelin inşası planlaşdırılıb. Artıq 4441 metr uzunluğunda olan 42 körpünün tikintisi tamamlanıb, 3 körpü istismara verilib. Tunellərdə və digər körpülərdə işlər ardıcıl şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli müvafiq sərəncamları ilə təsdiq olunan Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihələri azad edilmiş ərazilərin nəqliyyat xəritəsində xüsusi strateji xətt təşkil edir. Bu layihələrin hər biri həm regionun iqtisadi ağırlıq mərkəzinin bərpasına, həm də bölgədə yeni məskunlaşmanın sürətlənməsinə xidmət edir.
Bərdə-Ağdam dəmir yolu xətti (47,1 km) iki mərhələdə bərpa edilib və bütün işlər 100 % yerinə yetirilib. Birinci mərhələ - Bərdə-Təzəkənd (20,78 km) və ikinci mərhələ - Təzəkənd-Ağdam (26,32 km) üzrə işlər tam başa çatdırılıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 4 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuş, 2025-cü il mayın 10-da isə istifadəyə verilib. Yeni kompleks regionun mərkəzlərindən birində müasir nəqliyyat hubının formalaşmasını təmin edir.
Horadiz–Ağbənd dəmir yolu xətti (110,4 km) isə strateji əhəmiyyətinə görə xüsusi yer tutur, çünki Zəngəzur istiqamətində gələcək böyük nəqliyyat dəhlizinin əsas qollarından biri məhz bu xətt olacaq. Ərazinin mürəkkəb relyefinə baxmayaraq, işlər üç mərhələdə ardıcıl şəkildə həyata keçirilir. Layihənin ümumi icra səviyyəsi artıq 68 %-ə çatıb. Birinci hissə - Horadiz-Soltanlı (30 km) üzrə işlər 89 %, ikinci hissə - Soltanlı–Mincivan (55 km) üzrə 80 %, üçüncü hissə - Mincivan-Ağbənd (25,4 km) üzrə isə 44 % tamamlanıb.
Regionun nəqliyyat sistemində xüsusi önəm daşıyan daha bir layihə - Ağdam–Xankəndi dəmir yolu xətti (28 kilometr) - artıq icra mərhələsindədir. 2025-ci il iyulun 3-də Prezident İlham Əliyev tərəfindən Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub. Bu marşrut üzrə layihələndirmə işləri 73 %, torpaq işləri isə 16,8 % icra olunub. Xəttin istifadəyə verilməsi Xankəndinin regional iqtisadi şəbəkələrə tam reinteqrasiyasını təmin edəcək.
Qarabağ və Şərqi Zəngəzurda qurulan dəmir yolu infrastrukturu həm tarixə qayıdışın, həm də gələcəyə inamın rəmzidir. Bu layihələr bölgəni ölkənin ümumi nəqliyyat arteriyasına bağlamaqla yanaşı, yeni iqtisadi fəaliyyət zonalarının yaranmasına, turizmin inkişafına, iş yerlərinin açılmasına və məskunlaşmanın sürətlənməsinə xidmət edir. Dövlət başçısının birbaşa nəzarəti ilə həyata keçirilən işlər razılaşdırılmış qrafikə uyğun davam etdirilir və bölgənin dayanıqlı inkişaf modelinin formalaşmasına mühüm töhfə verir.
Azad edilmiş ərazilərdəki yeni avtomobil yolları
Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın və həyat səviyyəsinin təmin olunması ilə bağlı avtomobil yolları infrastrukturunun təmir və bərpası, yenidən qurulması, həmçinin yeni avtomobil yollarının tikintisi əsas prioritetlərdəndir. 2025-ci il oktyabrın 1-dək 60 layihə üzrə ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yollarının tikintisi nəzərdə tutulub. Avtomobil yolları üzərində ümumi uzunluğu 69,1 kilometr olan 45 tunelin tikintisi aparılır. Bunlardan uzunluğu 56,6 kilometr olan 28 tuneldə qazma işləri başa çatıb. Ümumi uzunluğu 9 581,6 pm olan 447 körpünün tikintisi aparılır. Bunlardan uzunluğu 8 839,1 pm olan 392 körpünün tikintisi başa çatıb. Ümumi uzunluğu 3 871 pm olan 16 viadukun tikintisi aparılır. Tikintisi aparılan viaduklardan uzunluğu 1 965 pm olan 9 viadukun tikintisi başa çatıb.

Bundan başqa, azad edilmiş ərazilərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq ümumilikdə 19 marşrut xətti təşkil edilib. Bunlardan 4-ü ərazilərə ziyarət xarakterli səfərlərin təşkil edilməsi üçün, 15-i isə şəhərlərarası və rayonlararası daşımaların həyata keçirilməsi üçün təşkil edilmiş marşrut xətləridir. Təşkil olunmuş marşrutlar üzrə fəaliyyətə başladığı dövrdən 2025-ci il iyulun oktyabrın 30-dək təxminən 127,8 min sərnişin daşınması təmin edilib. İşğaldan azad olunmuş ərazilərə rahat səfərlərin təşkili məqsədilə gündəlik əsasda və səfər edənlərin geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığı nəzərə alınaraq, cari il martın 1-dən etibarən "yolumuzqarabaga.az" portalı üzərindən ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilərək, biletim.az portalı üzərindən bilet əldə etmək imkanı yaradılıb.
Bir sözlə, son beş ildə görülən işlərin miqyası həm regionun gələcəyinə verilən siyasi qiymətin göstəricisi, həm də Prezident İlham Əliyevin qətiyyətli, ardıcıl və uzaqgörən liderliyinin konkret nəticəsidir.
Burada hər bir təməl daşı həm inkişafın, həm də qayıdışın rəmzidir. Azad edilmiş torpaqlarda formalaşan yeni həyat bölgənin sabahına inamı möhkəmləndirir, Azərbaycanın isə güclü, yenilənmiş və daha rəqabətqabiliyyətli gələcəyini müjdələyir.
Bizim.Media